Avqustun 9-da Yaponiyanın Naqasaki şəhərində bu yaşayış məntəqəsinin ABŞ hərbi qüvvələri tərəfindən atom bombardmanına məruz qalmasının 70-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
1945-ci il avqustun 9-da saat 11:02-də ABŞ-ın B-29 təyyarəsinin atdığı atom bombasının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhərin mərkəzində yerləşən Sülh parkında təşkil edilmiş mərasimdə Baş nazir Şinzo Abe, ictimai-siyasi xadimlər, 76 ölkənin nümayəndələri, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri, minlərlə yerli sakin iştirak ediblər.
Sükut dəqiqəsindən əvvəl Naqasakinin meri Tomihişa Taue, Baş nazir Şinzo Abe və ictimai təşkilatların nümayəndələri Sülh parkındakı abidənin önünə əklillər qoyublar.
Mərisim öncəsi “hibakuşyalar”dan (bombardmanın şahidi olmuş insanları Yaponiyada belə adlandırırlar) ibarət xor Hiroşima və Naqasaki facilərinin ikinci dəfə təkrarlanmamasına çağıran mahnı ifa edib.
Mərasimdən əvvəl Baş nazirin dəftərxanası tərəfindən yayımlanan bəyənatda deyilir: “Avqustun 6-da Hiroşimaya səfər edərkən and içmişəm ki, nüvə silahı fəlakətinin təkrar yaşanmaması üçün biz bu silah əleyhinə üç əsas prinsipə daim sadiq qalacağıq. Biz beynəlxalq ictimaiyyəti nüvə silahı olmayan dünya uğrunda mübarizəyə çağırmaqda davam edəcəyik”.
Naqasaki Hiroşimadan sonra 1945-ci ilin avqustunda atom bombardmanına məruz qalmış ikinci yapon şəhəridir. Partlayış nəticəsində 75 min insan həlak olmuş, şəhər isə Yer üzündən tamamilə silinmişdi. Bombardman nəticəsində həlak olanların sayı hər il artır, bunu göstərən rəqəm isə avqustun 9-da yenilənir. 2014-cü ildə elan edilmiş məlumata əsasən, bombardman qurbanlarının sayı artıq 165409 nəfərə çatıb.