Bir neçə gün əvvəl cəbhə bölgələrinə yollanmış bir qrup Əfqanıstan müharibəsi veteranı artıq Bakıya qayıdıb.
Teleqraf.com-un məlumatına görə, bir həftə davam edən səfər çərçivəsində keçmiş beynəlmiləlçi-döyüşçülər hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhali ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olublar.
“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev səfərlə bağlı təəssüratlarını bu gün keçirilən mətbuat konfransında bölüşüb.
O qeyd edib ki, bu səfər unudulmaz və yaddaqalan tarixi hadisəyə çevrilib: “İlk növbədə milli ordumuzun qüdrətlənməsinin, əsgəri xidmət üçün gözəl şərait yaradılmasının, Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissinin necə yüksəldiyinin şahidi olduq. Cəbhə boyu yaşayış məntəqələrində görüşlər zamanı ordu ilə xalqın monolit birliyinə bir daha əmin olduq. Həqiqətən, xalq öz ordusuna inanır, ordu isə xalqın etimadını Vətənə sədaqətli xidməti ilə doğruldur. Əfqanıstan müharibəsindən iki “Qırmızı Döyüş Bayrağı” ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov, “Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov, “İgidliyə görə” medalı ilə təltif olunmuş Mahiyəddin Rüstəmov və başqaları yenidən cəbhə bölgələrinə qayıtmaq, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda son döyüşlərə atılacaq Vətən müdafiəçiləri ilə birlikdə Qarabağa zəfər yürüşündə xilaskar döyüşçü kimi iştirak etmək arzusunda olduqlarını bildiriblər.
Qeyd olunub ki, gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçib və əllərinə silah alaraq Vətən müdafiəçiləri ilə birlikdə ön səngərdə gecə döyüş növbəsində durublar. Dəfələrlə Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulduğunun şahidi olan veteranlar düşmənin susdurulmasında da yaxından iştirak ediblər.
İlhamə