“Belə bir təklif var ki, orta məktəblərin buraxılış imtahanlarına salınan 3 fənnin qəbul imtahanlarında təkrarlananmasına ehtiyac yoxdur. Bu məsələ hələlik müzakirə səviyyəsindədir”.
Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
Elnur Nağızadənin sözlərinə görə, TQDK-nın qəbul kampaniyası ilə bağlı həyata keçirdiyi yeniliklər həm ekspertlərlə, həm də TQDK kollegiyasında müzakirə olunur: “Bu mövzu gələcəkdə Prezident yanında Təhsil Komissiyası və Təhsil Nazirliyi ilə də müzakirə olunaraq müvafiq qərar veriləcək. Amma qaydanın 2016-cı ildən, ya 2017-ci ildən tətbiq olunacağı hələlik bilinmir”.
Elnur Nağızadə deyib ki, növbəti ildə gözlənilən yeniliklərdən biri də rus bölməsi məzunları ilə bağlıdır. Bəlli olduğu kimi, rus sektorunda imtahan verən məzunlar qəbul imtahanlarında iştirak etmək üçün hər il “Azərbaycan dili” fənnindən imtahan verirlər. TQDK rəsmisinin sözlərinə görə, bir il “Azərbaycan dili” fənnindən imtahan verən və “məqbul” alan abituriyentlərə növbəti ildə ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqədə “Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı yaradılacaq: “Həmin məzunların Azərbaycan dilindən nəticələrinin yaxın 2 il ərzində keçərli olması nəzərdə tutulub”.
Orta məktəblərdə imtahan fənlərinin sayı artırılacaq
Məlumdur ki, TQDK tələbə qəbulu ilə əlaqədar bu tədris ilində bir çox yeniliklər edib. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə əlavə V qrup yaradılıb, həm V qrupun, həm də orta ixtisas təhsili müəssisələrinin abituriyentləri buraxılış imtahanının nəticələrinə əsasən imtahanda iştirak etmədən tələbə qəbulu üzrə müsabiqəyə qatılmaq hüququ qazanıb.
Bundan əlavə, buraxılış imtahanlarına xarici dil fənni, xarici dil keçilməyən məktəblərdə isə kimya fənnindən imtahan salınıb.
TQDK sədri Məleykə Abbaszadə açıqlamalarının birində qeyd etmişdi ki, gələcəkdə buraxılış imtahan fənlərinin sayı yenə artırıla bilər. Beləliklə, nəzərdə tutulan yeniliklərdən biri də ali məktəblərə qəbul imtahanlarında fənn sayının azaldılmasıdır.
Qəbul sınaq imtahanlarının nəticələri üzrə planlaşdırılacaq
Bundan əlavə, növbəti ildən TQDK-nın keçirdiyi sınaq imtahanlarının nəticələri Təhsil Nazirliyinə təqdim ediləcək, bunun əsasında tələbə qəbulu planları tərtib olunacaq. Həmçinin qəbul imtahanlarının nəticələri Təhsil Nazirliyi ilə birgə təhlil olunacaq və ictimaiyyətə açıqlanacaq.
Bu məsələlərlə əlaqədar bu il iyunun 22-də TQDK-nın kollegial iclası keçirilib. İclasda 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub.
“TQDK imtahan keçirilməsi üzrə yüksək imic qazanıb”
Təhsil eksperti Fəxrəddin Yusifovun sözlərinə görə, bütün bu proseslər buraxılış imtahanları ilə tələbə qəbulu imtahanlarının nəticələrini birləşdirib vahid imtahana keçid ehtimalını doğruldur: “TQDK imtahanların keçirilməsi üzrə yüksək imic qazanıb və artıq orta məktəblərdə də proses bu quruma tapşırılıb. Buraxılış imtahanlarında əvvəllər fənlərin azaldılması baş verib. Perspektivdə isə orta məktəblərdə buraxılış imtahanları üzrə fənlərin sayı artırılacaq və qəbul imtahanına ehtiyac görülməyəcək. Hətta bu məsələ diferensial qaydada da aparıla bilər. Məsələn, şagird var, riyaziyyatdan güclüdür, ana dilindən zəif, yəni texniki təmayüllüdür. Yəqin ki, bu amil də nəzərə alınacaq”.
“Məktəblərin üzərinə yük düşsə, təhsildə keyfiyyət artacaq”
Yeri gəlmişkən, hələ ötən il Məleykə Abbaszadə bildirmişdi ki, şagirdlərin yaxın gələcəkdə 4-5 fəndən imtahan vermələri nəzərdə tutulur. Bunlardan ikisi “Ana dili” və “Riyaziyyat” fənni olacaq. Qalan fənlər isə TQDK-nın təqdim etdiyi fənlərin sırasından şagirdlərin öz istəyi ilə seçiləcək. Seçilən fənlər Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, biologiya, kimya, fizika olacaq.
Təhsil eksperti isə bildirdi ki, tələbə qəbulu ilə bağlı baş verən proseslər qabaqcıl təcrübələrin öyrənilib tətbiq edilməsinə zərurət yaradıb. Onun fikrincə, vahid imtahanın tətbiqi orta məktəblərin də nüfuzunu artıracaq: “Məktəblərin üzərinə yük düşsə, təhsildə keyfiyyətə görə məktəb rəhbərliyi məsuliyyət daşısa, bu, təhsilin inkişafına zəmin yaradar. Hazırda orta məktəblərdə təmayülləşmə ilə bağlı proseslər gedir, bu tədris ilində 50 məktəbdə analoji iş aparılacaq. 12 illik təhsilə keçid mexanizmi düzgün tətbiq olunsa, ixtisaslaşma orta məktəblərdə aparılacaq və ali məktəblərdə qəbul imtahanına ehtiyac qalmayacaq. Bütün bunlar isə təhsildə ümumi işin xeyrinədir”.
Sevil Hilalqızı