2 Sentyabr 2015 13:30
2 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nicat Əmiraslanov: “Əməkdaşlarımızın işlə təmin olunmasına da yardım göstəririk”

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllü sayının 5 min nəfərə çatdığını deyib. “ASAN könüllüləri” “ASAN xidmət” mərkəzlərinin bazasında qeyri-hökumət təşkilatı kimi 2012-ci ildə fəaliyyətə başlayıb.

2009-cu ildə “Könüllü fəaliyyət haqqında” qanun qüvvəyə minib.

“ASAN könüllüləri” haqda suallarımızı təşkilatın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nicat Əmiraslanov cavablandırdı.

Sağlam mənəviyyat, düşüncə, mühit...

Nicat Əmiraslanov bildirdi ki, təşkilatın prinsipləri sağlam mənəviyyat, sağlam düşüncə və sağlam mühitə söykənir: “Hər bir ASAN könüllüsü istər şəxsi, istərsə də cəmiyyət maraqlarını öz düzgünlüyü, dəqiqliyi və insani dəyərləri ilə qiymətləndirməli və bütün addımlarını bu çərçivədə atmalıdır.

Hər bir ASAN könüllüsü öz ictimai və sosial fəaliyyətində, cəmiyyətə inteqrasiyasında humanist, dövlətçi və vətənsevər düşüncə tərzini əks etdirməli, heç bir ayrı-seçkiliyə yol verməməlidir.

ASAN könüllüsü mənsub olduğu cəmiyyətdə öz sağlam mənəviyyat və düşüncə tərzi ilə sağlam mühitin formalaşdırılmasına çalışmalıdır".

Yardım, maarifləndirmə, ekoloji mühafizə...

“Könüllü fəaliyyət haqqında” qanunun 4-cü maddəsində bu fəaliyyətin növləri təsbit olunub. Nicat Əmiraslanov dedi ki, ASAN könüllülərinin fəaliyyəti adıçəkilən qanunun əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsinə, hüquqi və mədəni maarifləndirməyə, sağlam həyat tərzinin təbliğinə, ətraf mühitin mühafizəsinə, həmçinin bu qanuna zidd olmayan digər fəaliyyət növlərinə uyğun təşkil olunur: “ASAN könüllüləri” beynəlxalq könüllük proqramlarına, qabaqcıl təcrübələrə əsasən fəaliyyət göstərir".

Departament rəhbərinin sözlərinə görə, təşkilatın 5 min nəfərə yaxın üzvü “ASAN xidmət” mərkəzində fəaliyyət göstərmiş cari və məzun könüllülərdən ibarətdir: “Üzvlərimiz əsasən gənc yaşda olan şəxslərdən ibarətdir”.

“Üzvlər təşkilata necə cəlb olunur” sualına cavabında Nicat Əmiraslanov dedi ki, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülər təşkilatın üzvləri hesab olunur.

Bəs “ASAN könüllüləri”n işdən, dərsdən kənar fəaliyyəti necə tənzimlənir?

Nicat Əmiraslanov: “Könüllük - ASAN xidmət mərkəzlərində gənclərin özünü inkişaf və biliklərinin artırılması məqsədilə ”Könüllü fəaliyyət haqqında" qanuna əsasən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində həyata keçirdikləri fəaliyyətdir".

Hər 2 aydan bir müqavilə təzələnir

Könüllülər müqavilə əsasında 2 ay müddətində fəaliyyət göstərirlər. Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri 2 ayda həyata keçirən könüllülərə Agentliyin rəsmi sertifikat və xasiyyətnaməsi verilir.
Mərkəzin və könüllülərin fəaliyyəti gündəlik olaraq 3 növbə əsasında həyata keçirilir. 3 növbəlilik sistemə əsasən isə 1-ci növbə saat 10:00 - 13:00, 2-ci növbə 13:00 - 16:00, 3-cü növbə 16:00 - 20:00-a qədər davam edir. Bu növbəlilik prinsipləri könüllülərin həm “ASAN xidmət” mərkəzlərində xidmət göstərməsinə, həm də digər işlərinə vaxt ayırmasına kömək göstərir. Həftə ərzində 1 istirahət günü nəzərdə tutulur".

“Maliyyəmiz qrantlardan gəlir”

“Könüllü fəaliyyət haqqında” qanunda bildirilir ki, bu tip fəaliyyət əməkhaqqı və ya qonorar formasında mükafatlandırılmayan fəaliyyətdir. Gəliri olmadan təşkilatın necə fəaliyyət göstərməsinə departament rəhbəri belə aydınlıq gətirdi: “ASAN Könüllüləri” təşkilatı Prezident yanında Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrə müraciət edir və müsabiqədən uğurla keçən layihələri fond maliyyələşdirir. Onu da bildirim ki, könüllülər üçün ilkin təlimlər Dövlət agentliyinin İnsan Resursları və təlim şöbəsinin əməkdaşları tərəfindən reallaşır".

“ASAN kadr” işə düzəldir

“ASAN könüllüləri”ndə çalışanlara hansı üstünlüklərin verilməsinə gəlincə, Nicat Əmiraslanov dedi ki, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülər müxtəlif dövlət qurumları ilə yaxından tanış olur və bununla iş təcrübəsi qazanırlar: “Həmçinin könüllülərimizin ASANkadr.az portalı vasitəsilə işlə təmin olunmasına da yardım göstəririk. ”ASAN kadr"-ın formalaşdırılmasında əsas məqsəd cari və məzun ASAN könüllülərinin peşəkar karyera qurmalarına dəstək olmaqdan ibarətdir. “ASAN kadr” öz fəaliyyətini www.asankadr.az portalı vasitəsilə dövlət və özəl qurumlarla əməkdaşlıq edərək qurur".

“ASAN könüllüləri” cəmiyyətə, dövlətə nə verir" sualına isə təşkilat rəsmisi belə cavab verdi: “Təşkilat könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, geniş dünyagörüşlü, təhsilli, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırır”.

Qeyd edək ki, könüllülük fəaliyyətinin tarixi XIX əsrin sonlarına gedib çıxsa da, müasir anlamda ilk dəfə 1920-ci ildə Beynəlxalq Mülki Xidmət təşkilatının yaranması ilə termin olaraq (volunteer) rəsmən gündəmə gəlib. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür.
Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı on milyonlarladır.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər