3 Sentyabr 2015 18:59
2 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zoomarketin sahibi: “Yeməklərini vaxtında vermək, tüklərini daramaq lazımdır, amma çimizdirmək olmaz”

Paytaxtda ev heyvanlarının satışı ilə məşğul olan zoomarketlər az deyil. Onlardan birinə baş çəkdik. Burda yalnız itlər satılır. Bəs nədən yalnız it? Mağaza sahibindən səbəbi soruşduq, dedi ki, eşitməmisiz it insanın ən vəfalı dostudur? İt sahibinə bəslədiyi sevgisini ölənə qədər qoruyur: “Mənim də itlərə xüsusi diqqətimin əsasında onların bu xüsusiyyətinə münasibətim durur. Biz marketimizdə yalnız it satırıq...”

“Deyir, al bu iti burax həyətinə...”

Zoomarketin sahibi Nurxan Teymurov deyir ki, 12 ildir bu işlə məşğuldur: “Babam, atam həyətimizdə özləri üçün it saxlayıblar. Uşaq vaxtından bu heyvanlara məndə xüsusi maraq olub. Ata-anama bildirdim ki, istəyirəm özüm it saxlayam. Razılaşmadılar, dedilər, bu, məsuliyyətli işdir, bunu öhdənə götürə bilməzsən. Birtəhər onları razı saldım, onlar da köməklərini məndən əsirgəmədilər. Beləcə itlərə mehir saldım. Günlərin birində zoomağaza açıb it satmaq qərarına gəldim.

Burada həm it satıram, həm də kim istəsə onun itini saxlayıram. Bəzən müştəri olur, 3-5 gün harasa gedir. Xahiş edir, onun itini evə aparıb həyətə buraxıram. Təəssüf ki, Azərbaycanda sırf it təlimçiləri yetişdirən müəssisə yoxdur ki, kimsə peşəkar olduğunu sübut etsin. Təcrübə yığdıqca insan daha da peşəkarlaşır".
Müsahibim deyir ki, əvvəllər satlıq itləri Gürcüstandan gətirirmişlər: “Orada satlıq itlər azalıb deyə hazırda Ukrayna, Moskva, Belarusdan gətiririk. Sənədlər qaydasındadırsa, heç bir problemlə qarşılaşmırıq. İtləri daha çox sifarişlə gətiririk. Yəni müştəri istəyir, biz də onların istəyini yerinə yetiririk.

Çoxlu iti bir yerdə, bir qəfəsdə uzun müddət saxlamaq mümkün deyil. Bizim ölkədə daha çox balaca itlərə tələbat var. İnsanlar evdə balaca it saxlamağa üstünlük verirlər. Yalnız yay mövsümündə bağda saxlamağa iri it alırlar.

Müştərilər çalışırlar aldıqları it sağlam və təmiz olsun. Bəzən küçədən iti tutub qulağını kəsir, sonra da italyan itidir deyə baha qiymətə müştəriyə sırıyırlar. Müştərilər bu kimi problemlərlə tez-tez rastlaşdığını bildirirlər. Bizim gətirdiyimiz itlərin hamısının pasportu olur. Həftədə tükü tökülməyən bir, ya iki it sata bilirik".

Qiymətlər 3 yüz manatdan 2 min manatadək...

Məlumat üçün bildirək ki, burada satılan itlərin qiyməti cinsindən asılıdır. Qiymətlər 300-2000 manat arası dəyişir. Zoomarketin sahibi deyir ki, daha çox 500 manatlıq itlər alınır. 2000 manatlıq itin 3 aydan bir müştərisi çıxa-çıxmaya...

Böyük itləri təlimə aparmağın vacibliyini qeyd edən həmsöhbətim deyir ki, bu halda həmin dördayaqlılar insanlara hücum çəkmir: “Əsas problem həmişə insanlarla bağlı olub... Bizdə itləri balaca uşağa oyuncaq kimi alırlar. Xəbər tutanda elələrinə it satmıram. Axı, bu, canlı heyvandır, oyuncaq deyil... 6 yaşlı uşaq itə necə baxsın, itdən necə baş çıxarsın? Aldığı it ölür, gəlir ki, bəs it tələf oldu... Daha mən nə edə bilərəm, it ölübsə?..

İt orqanizmi zəifdir, eynən balaca uşaqlarda olduğu kimi... Xırda kağız qırıntısı yesə, ölə bilər. Yeməkləri vaxtında verilməli, hər gün tükləri daranmalıdır. Yeri gəlmişkən, itləri tez-tez çimizdirmək olmaz. Bəziləri iti alan kimi tez mağazaya cumub şampun götürür ki, evə çatıb iti çimizdirim. Bu, düzgün deyil. Belədə itlərin dərisindəki yağlılıq azalır və tükü tökülməyə başlayır".

Müsahibim itlərin sədaqətindən də danışdı. Onun sözlərinə görə, it yeganə heyvandır ki, sahibi ona nə versə, kifayətlənir: “Elə it cinsi var ki, insana bağlılığı güclü deyil. Elə itlər də var, insana çox möhkəm bağlı olurlar. İt yeganə heyvandır ki, insanın ona verdiyindən on qat artıq sadiqlik nümayiş etdirir.

Yiyəsi onu düzgün böyütməlidir. Uşağa tərbiyə verən kimi, iti də öyrətmək lazımdır. Necə ki, uşağa da düzgün tərbiyə versək, tərbiyəli olur, verməsək, ətrafda nə görürsə, onu öyrənir. Bu baxımdan itlərin düzgün yetişməsində əsas vəzifə bizim üzərimizə düşür.

Bir dəfə bir it satmışdım. Üstündən bir il keçərdi, şəhərdə gəzdiyim yerdə həmin it məni gördü. Sahibinin əlindən çıxıb qaçdı mənim qucağıma. İti mən də tanımışdım, onu sığalladım. Sahibi qorxdu, qaça-qaça gəldi, elə bildi ki, it məni dişləmək üçün hücum edir".

Travmalı insanlara ev heyvanı müsbət təsir edir

Cəmiyyətin itlərə münasibətındən narazılıq edən Nurxan Teymurov deyir ki, yalnız son zamanlar insanlar itləri sevməyə, onlara qayğı göstərməyə başlayıb: “Rusiyada uşaqlar iti görəndə sığallamağa başlayır, bizdə isə ya kənara qaçır, ya da daşlamağa, incitməyə çalışırlar. Dünyanın hər bir ölkəsində itləri gəzdirmək üçün şəhərdə xüsusi parklar açılır. İstəyərdim bizdə də belə parklar olsun.

Çünki elə it cinsləri var, təlimə uyğunlaşmır. Onları xüsusi parklarda gəzdirsələr daha yaxşı olar. Yaxud itlər üçün təlim mərkəzləri fəaliyyət göstərməlidir. Düzdür, eşitmişəm belə təlim mərkəzləri var, ancaq onların fəaliyyətindən heç də hamı xəbərdar deyil".

Psixoloqlar isə evdə it saxlamağın insanlara müsbət təsirindən danışırlar.

Psixoloq Vəfa Rəşidova deyir ki, psixoloji travması olan insanlara ev heyvanları xüsusilə kömək edir: “Bu zaman heyvanla insan arasında sanki bir bağlılıq yaranır. Həmin insanlar sevgilərini heyvana yönəldir, bununla psixoloji rahatlıq tapırlar. Belələri özünü xoşbəxt hiss edir, sanki kiməsə yaxşılıq edirmiş kimi bir duyğu yaşayırlar. Onların fikrincə, heyvanlara yemək, su verməklə həm savab iş görür, həm də sevgilərini paylaşırlar.

Əsəbi insanlara da itə baxmaq yaxşı təsir edir. Heyvanlara sevgi, qayğı göstərəndə onların əsəbləri sakitləşir".

İlhamə Əbülfət


Müəllif: