Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilib. Publika.az yeni rektor barədə məlumatı təqdim edir.
Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Texniki Universitetinin (əvvəlki Kiyev Politexnik İnstitutu) mühəndis-fizikası fakültəsinin Metallar Fizikası ixtisasına daxil olub. Mustafa Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin “Metallar Fizikası” ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlayıb.
M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil alıb. M.B.Babanlı 1996-cı ildən Azərbaycan Texniki Universitetinin “Metallurgiya və metalşünaslıq” kafedrasında işləyir. Əvvəlcə assistent, 2001-ci idən 2010-cu ilədək dosent vəzifəsində çalışıb.
4 noyabr 2010-cu il tarixində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib. 29 dekabr 2010-cu il tarixdə müsabiqə yolu ilə “Metallurgiya və metalşünaslıq” kafedrasının professoru vəzifəsinə seçilib.
Mustafa Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür.
Ailəlidir, 2 qızı, 1 oğlu var. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.