Lənkəranda toyda baş verən kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam saatlarında rayonun Liman şəhərindəki şadlıq saraylarından birində kütləvi dava baş verib.
Hadisə nəticəsində üç nəfər bıçaq xəsarəti alıb. Zərər çəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Kütləvi dava zamanı 63 yaşlı Əlisəfa Tağıyev ürək, Zaur Tağıyev isə qarın nahiyəsindən yaralanıb. Digər xəsarət alan Elçin Musayev isə sol qol nahiyəsindən yaralanıb. Zərərçəkən yaralıların qohumları əsəblərini cilovlaya bilməməsi səbəbi ilə xəstəxanaya polis qüvvələri cəlb olunub.
Yaralılardan ikisinin vəziyyəti ağır, digərinin vəziyyəti isə normal qiymətləndirilir. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Zərərçəkənlərin qohumlarının sözlərinə görə, hadisəni törədən şəxsin eyni nəsildən olan şəxslərlə mübahisəsi olub. Elə həmin vaxt da bıçaqlanma hadisəsi baş verib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.