Sentyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində yaradılmış OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin açılış mərasimi keçirilib.
Universitetdən Teleqraf.com-a verilən xəbərə görə, açılış mərasimində ADU-nun rektoru professor Səməd Seyidov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, səfirlik əməkdaşları, universitetin professor-müəllim heyəti və almandilli tələbələr iştirak edib.
ADU-da əlamətdar hadisənin baş verdiyini söyləyən rektor bildirib ki, bu əlaqələrin yaradılmasında Avstriyanın Azərbaycandakı səfirlərinin, eləcə də Aksel Vexin xüsusi rolu olub.
Səməd Seyidov ADU-da yaradılan Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin fəaliyyət göstərərək Avstriyada yüksək səviyyədə təmsil olunacağına və yeni bir müstəviyə yüksələcəyinə əminliyini ifadə edib.
Sonra OeAD-Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin rəhbəri Səfa Əliyeva OeAD-Avstriya Mübadilə Xidməti haqqında məlumat verib.
Sonda qonaqlar Avstriya Mübadilə Xidməti Bakı İnformasiya mərkəzi ilə, həmçinin Avstriya kitabxanası ilə tanış oldular.
Qeyd edək ki, mayın 26-da ADU-nun nəzdində Avstriya Mübadilə Xidmətinin Bakı İnformasiya mərkəzinin yaradılmasına və fəaliyyətinə dair universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov və OeAD-ın rəhbəri Stefan Zotti arasında müqavilə imzalanıb. OeAD - Avstriya Mübadilə Xidməti - təhsil, elm və tədqiqat sahələrində geniş proyektlər həyata keçirir, beynəlxalq əməkdaşlıq və mübadilələr aparır, bir sıra təqaüdlər təklif edir. Təklif etdiyi təqaüdlərdən yalnız tələbələr deyil, həmçinin müəllimlər və elmi işçilər də yararlanır.
SEVİL