Milli Məclisin sessiyası öz işinə başlayıb. Deputatlar 34 qanun layihəsini müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, ilk olaraq “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, hər iki ölkə arasında yaxın əlaqələr var və saziş tərəflərin beynəlxalq standartlara əsasən, hava uçuşlarını nəzərdə tutur. Deputatlar müzakirəsiz layihəni təsdiq ediblər.
Daha sonra Azərbaycan Respublikası ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi qəbul edilib. Bu layihəyə əsasən hər iki ölkədə fəaliyyət göstərən diplomatların ailə üzvləri işləmək hüququ əldə edir. Parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, digər ölkələrlə də analoji sazişin imzalanması üçün işlər aparılır.
Parlament Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna dəyişikliklər edib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, qanunda iki maddəyə dəyişiklik edilir və bu, daha çox dünyada son zamanlar miqrasiya problemləri ilə bağlıdır. Onun sözlərinə görə, dəyişikliklər əsasən, gələcəkdə baş verə biləcək halların qarşısını almağa xidmət edəcək: “Bu dövlətin miqrasiya sahəsində humanizm prinsipindən çıxış etməsinin təzahürüdür. Bu gün Azərbaycana gələn miqrantlar hüquqlarının nə dərəcədə qorunduğunun şahidi olurlar. Mən millət vəkillərindən bu sənədə səs verməyə xahiş edirəm. Dünyada miqrasiya problemləri ilə bağlı axtarışlar aparıldığı bir zamanda bu mühüm qanundur”.
Nemət