8 Oktyabr 2015 12:03
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə naziri Samir Şərifovun gələn ildən icbari tibbi sığortanın tətbiqi ilə bağlı açıqlamasından sonra bu məsələ yenidən aktuallaşıb. Ekspertlər bu prosesin mürəkkəbliyinə və vacibliyinə həmişə diqqət çəkir, nazir isə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qanunvericilik bazasının mövcudluğunu, ancaq müvafiq qurumun yaradılmasına ehtiyac olduğunu deyir.

Əvvəla ondan başlayaq ki, tibbi sığorta sağlamlığın qorunması üçün əhalinin sosial müdafiəsi forması olmaqla insanların tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.

İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir, əhalinin müvafiq proqrama uyğun tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsinə əsaslanır.

Sirr deyil ki, son illər Azərbaycanın sığorta bazarı müəyyən qədər inkişaf yolu keçib və vətəndaşlara ödənilən sığorta ödənişləri də artıb. Lakin əksəriyyət tibbi sığortaya hələ ciddi maraq göstərmir.

Tibbi sığortanın vətəndaş üçün əhəmiyyəti çox böyükdür. Qaydanın tətbiqi vətəndaşa imkan verir ki, ildə bir neçə dəfə özünü müayinə etdirə bilsin. Amma Azərbaycanda 1999-cu ildə qəbul edilmiş “Tibbi sığorta haqqında” Qanunun tətbiq edilməməsi vətəndaşların bu imkandan yararlanmasına imkan vermir. Lazımi mexanizmlərin olmaması səbəbindən qanunun icrası 2005-ci ilə qədər dondurulub. 2006-cı ildən isə “Tibbi sığorta haqqında” qanunun işləməsi üçün müəyyən addımlar atılıb və dövlət büdcəsindən vəsait ayrılıb.

Lakin 10 ilə yaxın bir müddət ötməsinə baxmayaraq sistemin tətbiqi müşkülə dönüb.
Qeyd edək ki, icbari tibbi sığorta vətəndaşların özünün vaxtlı-vaxtında müalicə olunması ilə yanaşı, müəssisələrin vergidən yayınma hallarının qarşısının alınması, əmək qanunvericiliyinə əməl olunması baxımından da faydalıdır.

Ekspertlər də məhz bu sahədəki müəyyən səbəblər üzündən icbari tibbi sığortanın tətbiqinin müşkülə çevirdiyini deyirlər.

İqtisadçı Vuqar Bayramov hesab edir ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı bir sıra problemlər qalmaqdadır: “Yeni qanunvericiliyə əsasən, bütün iş yerləri 14 risk qrupuna bölünüb. Ən riskli yer üçün işəgötürən işçilərin əməkhaqlarının 2 faizi miqdarında bədbəxt hadisə və peşə xəstəliyindən sığorta ödəməlidir. Risk azaldıqca faiz də azalır.

Amma icbari tibbi sığortanın tətbiqi ilə bağlı bəzi açıq məqamlar var. Əvvəla, işləməyən əhali üçün icbari tibbi sığortanın ödənilməsi məsələləri tam olaraq dəqiqləşdirilməyib. İşsiz statusu olan vətəndaşların icbari tibbi sığortasının hansı mənbələr hesabına ödənilməsi müəyyənləşdirilməyib.

Digər tərəfdən Səhiyyə Nazirliyinin 1 fevral 2008-ci il qərarına əsasən, Azərbaycanda səhiyyə xidmətləri pulsuzdur. Belə halda icbari tibbi sığortanın tətbiqini əsaslandırmaq çətindir. Əgər səhiyyə xidməti pulsuzdursa, vətəndaş niyə icbari tibbi sığortadan istifadə etməlidir? Həmçinin xəstəxanaların çoxu da icbari tibbi sığortanın tətbiqinə hazır deyil”.

Ekspertin qənaətinə görə, dövlət xəstəxanalarında müayinə və müalicə pulsuz olduğundan həkimlər rəsmi şəkildə ödənişlər edilməsində maraqlı deyil.

Dünya Bankının hesablamalarına görə, Azərbaycanda səhiyyə xərclərinin 70 faizi qeyri-rəsmi ödənişlərdir. Bu isə pasiyent və dövlətin ziyanına olsa da, həkimlərin xeyirinədir.

Bununla belə, həkimlər özləri də icbari tibbi sığortanın tətbiqini istəyirlər. Səbəbləri barədə “Memorial” xəstəxanasının həkimi Vaqif Qarayev danışdı: “Təbii ki, sağlamlığın qarantı üçün tibbi sığorta vacibdir. Ən əsası isə bu, cəmiyyətin bəlası olan rüşvəti aradan qaldırmaq üçün ən yaxşı çıxış yoludur. Məlum məsələdir ki, həkimlərə rüşvətxor damğası vurulması onların da ürəyincə deyil və sığortanın tətbiqi o deməkdir ki, xəstəxanalara xəstə axını olacaq, həkimlər də bundan qazanc götürəcək. Nəticədə hamının xəsətəxanaya müracitə etmək, müayinə olunmaq imkanı əlaçatan olacaq. Həkimlərin isə qorxa-qorxa pasiyetndən pul gözləntisi sona çatacaq”.

Müsahibimiz deyir ki, səhiyyədə sığorta qaçılmazdır: “Bu qədər özəl klinikalar tikilir, dövlət müəssisələri istismara verilir, amma çoxusu boşdur. Sığorta bu problemi minimuma endirəcək. İşsiz həkim qalmayacaq. Peşəkar həkimlər isə əlçatan olacaq, uzun-uzadı növbələr sona çatacaq. Ölüm halları kəskin azalacaq. Sığortası olan xəstə mütəmadi müayinədə maraqlı olacaq.

Büdcəsi 5 milyard dollar olan qonşu Gürcüstanda bütün vətəndaşlar sığortalıdır. Nəticədə nə həkim-pasiyent mübahisələri var, nə də həkimlərin maaş sarıdan problemi”.

Ekspertlər də tibbi sığortanın tətbiqi baxımından Azərbaycan üçün ən optimal seçimin Gürcüstan təcrübəsi olduğu qənaətindədirlər. Ölkəmizdə bu sahədə araşdırma aparan Gürcüstanın Curatio Beynəlxalq Fondunun beyin mərkəzinə rəhbərlik edən Georgi Qotsadze bu sahədəki 20 illik təcrübəsindən çıxış edərək deyir ki, Azərbaycanda dövlət vəsaitindən səhiyyəyə ayrılan xərclər ildən-ilə artırılır: “Nəticə etibarilə səhiyyə sahəsində dövlət xərclərinin demək olar ki, 60 faizi mərkəzi büdcədən, qalanı isə yerli büdcədən gəlir. 447 milyon manat vəsait isə səhiyyə infrastrukturuna yatırılıb.

Azərbaycanda səhiyyə sahəsində özəl xərclər, yəni əhalinin xərcləri Avropa üzrə ən yüksək səviyyələrdən biridir və səhiyyə sahəsində ümumi xərclərin 79 faizini təşkil edir. Keçirilən sorğular zamanı Azərbaycanda 10 xəstədən 7-si səhiyyə xidmətlərinin təchizatçısına qeyri-rəsmi vəsait ödədiyini bildirib ki, bu da regionda ən yüksək göstəricidir”.

Ekspert deyir ki, Azərbaycan əhalisi aylıq gəlirinin 10 faizini səhiyyə ödənişlərinə xərcləyir ki, bu, Gürcüstan istisna olmaqla digər ölkələrlə müqayisədə çox yüksəkdir: “Bu və ya digər səbəblərdən gün ərzində qəbul edilən xəstələrin sayı məsələn, qonşu Türkiyə ilə müqayisədə 4,5 dəfə aşağıdır. Orta hesabla xəstəxanadan buraxılmış xəstəyə Türkiyə ilə müqayisədə daha çox vəsait xərcləyirik. Azərbaycanda bir xəstəxana çarpayısı yalnız 30 xəstə tərəfindən istifadə olunur, Türkiyədə isə oxşar çarpayı bundan 3 dəfə artıq xəstəyə, yəni ildə 89 adama xidmət edir”.

Georgi Qotsadzenin qənaətinə görə, Azərbaycan qonşularla müqayisəli səhiyyə infrastrukturuna malik olsa da, resurslardan istifadənin səmərəliliyi ölkəmizdə çox aşağıdır.

Vaqif Qarayev sığortanın tətbiqi zamanı vacib məqamlardan birinin də həkimə nəzarətin səhiyyə məmurları deyil, sığorta məmurlarının etməli olduğunu deyir: “Bu zaman israfçılığın da qarşısı alınacaq, artıq müalicə və müayinə aparılmayacaq. Çünki sığorta şirkəti lüzumsuz xidmətlərdən yararlanmada maraqlı deyil. Odur ki, həm də ötür-ötür oyununun qarşısı alınacaq. Bu zaman həkimlə sığorta şirkəti arasında inam da vacib nüansdır”.

Sığorta bazarı üzrə ekspert Tural İbrahimov da sistemin tətbiqindən öncə subyektlər arasında şəffaf münasibətlərin qurulmasının vacib olduğunu deyir: “Nəzərə almaq lazımdır ki, icbari tibbi sığortada üç tərəf var: sığorta şirkətləri, xəstəxanalar və vətəndaşlar. Bu gün bu üç tərəf arasında sığorta münasibətlərinin tam formalaşdığını demək çətindir. Sığorta edənlə sığorta olunanaların tibbi sığortanın əhəmiyyəti ilə bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. Ölkədə tibbi sığorta mədəniyyəti zəifdir. Təbii ki, bu münasibətlərin yaxşılaşdırılması və ya sivil müstəviyə keçməsi üçün sığortalıların maarifləndirilməsinə ehtiyac var. Sığorta şirkətləri ilə dövlət xəstəxanaları arasında da münasibətlərin qurulmasında müəyyən problemlər var. Sığorta sənədlərinin xəstəxanalarda qəbulu ilə bağlı problemlər qalmaqdadır. Bütövlükdə tibbi sığorta ilə bağlı biliklərin aşağı olması icbari tibbi sığortanın inkişafını tormozlayan faktorlardandır”.
Bununla belə, ekspert maliyyə nazirinin də dediyi kimi müvafiq qurumun yaradılacağı təqdirdə tərəflər arasında ortaq məxrəcə gəlinəcəyinə ümidvar olduğunu dedi.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər