15 Oktyabr 2015 17:33
3 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim filologiya fakültəmiz bu binada, bu binanın ikinci və üçüncü mərtəbəsində yerləşir. Ömrümün romantika ilə dolu dörd ilini onun qoynunda, dövrəsində keçirmişəm. Budur, uşaqlara qoşulub içəri girir, ikinci mərtəbəyə qalxıram. Dekanlıqla üzbəüz Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasına girirəm. Səhər Orucova və Etibar müəllim məni tanıyır.

Səhər müəllimə indi kafedra müdiridir. Bizim vaxtımızda kafedra müdiri professor Azad Nəbiyev idi. O, ilk dəfə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının yaradılmasının təşəbbüskarı olub. 1989-cu ildən ömrünün sonuna – 2012-ci ilədək kafedraya rəhbərlik edib. Düz ömrünün sonuna qədər.
O vaxtlar Azad müəllimi görənlər çox təsirlənirdi. İşə çəliklə gedib-gəlirdi. Hətta bir dəfə halı elə pisləşmişdi ki, onu təcili tibbi yardımla xəstəxanaya aparmışdılar.

Azad müəllimin qızı Ülkər Nəbiyeva da bu gün bu kafedradadı. O deyir ki, mərhum atası folklor sahəsində çox işlər görüb. Həmişə tələbələrə vicdanla yanaşıb.

- İmtahanlar yenə Azad müəllimin vaxtındakı kimidir?

- Fərq var. İndi test imtahanı da var. Əvvəl ancaq yazılı olurdu.

Bu dəm gözüm Etibar müəllimə sataşır. Kişi çantasını yığıb getmək istəyir. Gözlərimi ona zillədiyimi görüb dillənir: “Dərsə getməliyəm. Ona görə... Amma deyim ki, folklora xüsusi münasibət var və bu sahə milli kimliyi müəyyənləşdirir”.

- Etibar müəllim, tələbələr, magistrantlar necə, onlara ümid varmı?
- Gənclərə nihilist, bədgüman münasibət var. Amma mən onlara nikbin yanaşıram.

Səhər xanım da də bizə qoşulur:
- Biz magistrlara həmkar kimi yanaşırıq. Onlar folkloru sevib bura gəliblər. Hətta tənəffüsdə də oturub oxuyurlar.

Beləcə, yavaş-yavaş gəlib Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının qapısını açıram. Elə nəsə demək istəyirəm ki, sözüm ağzımda qalır. Kafedra müdiri Hüseyn Əsgərov qətiyyətlə dillənir: “İclas gedirik, bizə mane olma”.

Başqa otaqlara üz tuturam. Bu anda yadıma qeyri-ixtiyari olaraq Mir Cəlalın “İclas qurusu” hekayəsi düşür. Elə bu fikirlə magistratura, elmi işlər və qiyabi şöbə üzrə dekan müavini Nizami Xəlilovla görüşürəm. Onunla birlikdə kabinetə keçirik.

- Nizami müəllim, hazırda nə iş görürsüz? Tələbə və magistrlarla necə işləyirsiniz, onlarla alınırmı?
- Bu günlərdə Nazirlik imtahan keçirəcək, ona hazırlaşırıq. Ümumiyyətlə isə, bura daxil olan tələbələrin əksəriyyəti elm təşnəsidir. Onlara ədalətlə rəy veririk.

- Nizami müəllim, vicdan necə hissdir?
- Kim ki talantlıdır, o dəqiqə bilinir. Hətta tələbələr özləri də bunu etiraf edirlər. Və beləcə aydınlaşdırırıq ki, hansı tələbə daha hazırlıqlıdır. Yəni biz hər tələbəyə vicdanla yanaşırıq.

Nizami müəllimlə sağollaşıb, türkologiya kafedrasına üz tuturam. Kafedra müdiri akademik Tofiq Hacıyevdir. Ustadla görüşürəm. Elə bu vaxt bir nəfər içəri girir. Kafedrasının dosenti Qızılgül Abbasova onu göstərib deyir:
- Bu İbrahim Kurtdur. Türkiyəlidir. Burada magistr təhsili alır. Tofiq müəllim də onun elmi rəhbəridir. Mövzusunun isə Qaracaoğlan və Vaqifin dilinin müqayisəli lüğəti olduğunu deyir.

Və beləcə digər otağa – Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzinə baş çəkirəm. Otaq yaxşı təmir olunub. Lakin boşdur, heç bir işçi yoxdur.

Dekanlığın qapısını döyürəm. Dekan dosent Məhərrəm Vəliyev, onun müavini isə dosent Cavanşir Muradovdur. Məhərrəm müəllimdən Abay Mərkəzinin fəaliyyətsizliyinin səbəbini soruşuram. Cavanşir müəllim Abay Mərkəzini Qazaxıstanın Azərbaycandakı səfirliyinin açdığını və tezliklə fəaliyyətə başlayacağını deyir.

- Fakültədə son dövrlərdə nə iş görülüb?

- Son 5 ildə filologiya fakültəsinin müəllim-professor heyəti tərəfindən 156 dərslik və dərs vəsaiti, 110 monoqrafiya (12-si xaricdə), 1.136 elmi məqalə (225-i xaricdə) çap etdirilmişdir. Bu müddət ərzində fakültə əməkdaşlarından 10 nəfər elmlər doktoru, 13 nəfər fəlsəfə doktoru elmi dərəcəsi, 7 nəfər professor, 18 nəfər dosent elmi adı almışdır. Son 5 ildə fakültədə çalışan 5 nəfər alim Universitetdə “İlin alimi” adına layiq görülmüş, fakültə əməkdaşlarından 16 nəfər universitetdaxili “50+50” qrant müsabiqəsinin qalibi olmuşdur.

Cavanşir müəllim də söhbətə qoşulur:

- Fakültədə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın reyestrində olan «Dil və ədəbiyyat» və «Folklorşünaslıq məsələləri» beynəlxalq-elmi nəzəri jurnalları nəşr edilir.
Sonra Məhərrəm müəllim deyir ki, 2011-2012-ci tədris ilində Filologiya fakültəsi “İlin fakültəsi” nominasiyasının qalibi olmuşdur.


Mən qeydlər yazdığım dəmdə koridorda səs-küy eşidib bayıra çıxıram və bir qrup tələbələrin tənəffüsdə olduğunu görürəm.

Bir-birlərinə deyirlər:

– Tez ol zəngə az qalıb.

Mən də yavaş-yavaş üçüncü mərtəbəyə qalxıram. Geniş auditoriyaya daxil oluram. Professor Cəlil Nağıyevin (Dünya ədəbiyyatı kafedrasının müdiri) dərsidir... “Səfillər” dən danışır. Jan Valjanla Javerin qəribə mübarizəsi onun təfsirində gözəldir, mənalıdır, təsirlidir. Elə bil ki, o bu dünyaya “Səfillər” dən danışmaq üçün gəlib. Elə bil ki, gözümüz önündə adicə bir dərs deyil, antik teatrın tamaşası gedir (Ah, o dərslər dururmu ola?). Mənə elə gəlir ki, Viktor Hüqodan, Jan Valjandan professor Cəlil Nağıyevin özündə də nəsə var. Lakin nə? Dərhal düşünürəm: ağıl və mənəviyyət. O da Hüqo kimi, onun ideal qəhrəmanı Jan Valjan kimi mənəviyyət adamıdır.

Dərs sona çatır. Lakin o dərsin təsiri mənim üçün heç vaxt sona çatmır. İndinin özündə də sona çatmayıb. Həmin dərs mənim qəlbimdə, ruhumda, xəyal aləmimdə yaşayır...


Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər