19 Oktyabr 2015 16:09
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Prezident yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti, sayca onuncu təlimi keçirilib.

IDEA İctimai Birliyindən Teleqraf.com-a bildiriblər ki, laboratoriyanın oktyabr təlimi ekoloji təmiz və sağlam qidaya həsr olunub.

Təlim zamanı uşaqlar sağlam və orqanik qida məhsullarının becərilməsi, zərərvericilərlə mübarizə, bitkilərə gübrə verilməsi, onların suvarılması barədə ətraflı məlumatlandırılıblar. Eyni zamanda, onlara ərzaqların ekoloji cəhətdən təmiz olduğunu necə müəyyən edə biləcəkləri izah olunub.

Oktyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ekoloji cəhətdən təmiz qidanın insan sağlamlığı üçün əhəmiyyətini kiçik yaşlardan dərk etmələri baxımından onlara mühüm töhfə verib.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

Valideynlər övladlarının “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakını istəyirsə IDEA İctimai Birliyi ilə əlaqə saxlaya bilərlər.

SEVİL


Müəllif: