19 Oktyabr 2015 17:12
2 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncamla milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılması son iki günün əsas müzakirə mövzusudur. Bununla bağlı ortaya atılan versiyalar həddən ziyadə müxtəlifdir. Ortada kosmik dərəcədə şişirdilmiş versiyalar var, lakin hansının real olduğunu demək çətindir. Təbii ki, bu cür təzadlı informasiyalar, ortaya çıxan iddialar ictimaiyyəti çaşdırır.

Lakin ortada yeganə həqiqət var: Prezident İlham Əliyev dövlətə bağlı, vətənpərvər, sədaqətli və peşəkar kadrlarını sona qədər müdafiə etdiyi kimi, bu dövlətin təməllərinə zərbə vuran kadrlara qarşı sərtdir və lazım olanda onları “amputasiya” edə bilir. Oktyabrın 17-də verilən sərəncam kimi...

Eldar Mahmudov: Medianın, haqqında ən az məlumatlı olduğu nazirdir və bunu onun postu ilə bağlamaq olardı. Hər kəsə görə bu şəxs ölkənin milli təhlükəsizliyinin həvalə edildiyi nazirdir. Ortaya çıxan faktlar isə onun şəxsinə və hansı işlə məşğul olduğuna dair fikirləri dəyişir.

1. Vəzifə səlahiyyətlərindən sui-istifadə;
2. Quldurluq;
3. Soyğunçuluq;
4. İş adamlarına qarşı qanunsuz tələblər və bu kimi cinayətlər...

Yayılan məlumatlara görə, keçmiş nazir və onun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin bir sıra generalları bu cür əməllərlə məşğul olublar. Bunlarla bağlı MTN-nin keçmiş rəhbərinə dəfələrlə xəbərdarlıq edilsə də, o, əməllərinə davam edib. O vaxta qədər ki, dövlət başçısı hər şeyi şəxsi nəzarətinə götürərək, məsələnin araşdırılmasına başlayıb. Və bunun nəticəsi olaraq Mahmudov vəzifəsindən çıxarılıb.

Onun haqqında yayılan məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb və hər şey önümüzdəki günlərdə, bəlkə də, saatlarda məlum olacaq. Amma təbii ki, ortada hansısa qanunsuz əməllər var və məhz buna görə dövlət başçısı regionun qaynar qazana çevrildiyi, dünyada təhlükəsizlik problemlərinin hər gün artdığı bir vaxtda ölkənin milli təhlükəsizliyinin həvalə edildiyi şəxsi vəzifəsindən kənarlaşdırıb. Güman ki, zərurət elə buradan qaynaqlanıb.

Görünən budur ki, E. Mahmudov və onun yaratdığı “qrup” ölkənin təhlükəsizliyi ilə deyil, şəxsi maraqları uğrunda “mübarizə aparırmış”.

“Sahibkar heç kimə borclu deyil. Nə yerli icra hakimiyyəti orqanlarına, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə. Sahibkar yalnız dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. 9 ayda 67 minə yaxın iş yeri yaradılıb, 30 min bağlanıb. Bax bunun təhlilini aparmaq lazımdır. Mənə də məlumat verilsin. İş yerlərini bağlayan sahibkarları dəvət edib, soruşmaq lazımdır... Əlbəttə, bunun obyektiv səbəbləri var, amma subyektiv səbəbləri də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki kimsə bunlara borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, bizim siyasətəmizə ziddir, digər tərəfdən imkan vermir ki, iqtisadiyyatımız inkişaf etsin. İmkan vermirlər sahibkarlar ölkədə rahat işləsinlər”.

Prezident İlham Əliyevin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dedikləri ilə E. Mahmudov haqda yayılan informasiyalar və onun vəzifəsindən kənarlaşdırılması haqqında sərəncam bir-biri ilə səsləşir.


Belə çıxır ki, E.Mahmudov ölkənin baş kəşfiyyatçısı olaraq heç də milli təhlükəsizliyimizin keşiyində dayanmayıb. Halbuki “Milli təhlükəsizlik haqqında” qanunun 1-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının milli təhlükəsizliyi - dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir”.


MTN-nin sabiq şefinin fəaliyyəti isə həm qanunun, həm də dövlətçilik prinsipinin əksinə istiqamətlənib. Bu yerdə məşhur Bakılı kəşfiyyatçı Rixard Zorgenin sözləri yada düşür: “Mən və mənim köməkçilərim heç vaxt zorakılığa, şantaja, satqınlığa, təxribata, terrora və başqa çirkin vasitələrə əl atmadıq. Əvəzində biz böyük yaradıcı kəşf, dərin təhlil, sərt intizamdan, nöqsansız məxfi məlumatlardan istifadə etdik”.

R. Zorge bu sözlərlə əks-kəşfiyyatın mahiyyətini açıqlayırdı. Kəşfiyyatçı dediyin şəxs dövlətinin toxunulmazlığı, suverenliyi və güclü olması üçün çirkin vasitələrə deyil, dərin təhlilə və sərt intizama söykənməlidir. Zorgenin dediklərindən bu nəticə çıxır.

Azərbaycanın baş kəşfiyyatçısı haqda ortaya çıxan faktlar isə onun kəşfiyyatçının etməməli olduğu vasitələrlə xarici düşmənə qarşı deyil, bu ölkənin vətəndaşlarına qarşı əməllər törətdiyini göstərir. Lakin MTN-nin rəhbəri olan general-polkovnikin diqqət yetirməli olduğu məsələlər açıq şəkildə ortada idi.


a) Qarabağ münaqişəsində əks-kəşfiyyat fəaliyyəti.
b) Getdikcə artan İŞİD təhlükəsi və bunun regiona, eləcə də Azərbaycana təhdidləri.
c) Bir sıra terror qruplaşmalarının, həmçinin PKK-nın Azərbaycanın birbaşa, yaxud dolayısı ilə maraqlarının olduğu enerji xətlərinin təhlükəsizliyinin qorunması.
d) Dünyada ən təhlükəli silaha çevrilən kiberhücumların qarşısının alınması.


Görünür, Eldar Mahmudov görməli olduğu əsas “dörd vacib iş” əvəzinə “dörd qanunsuz əməl”in arxasınca düşüb. Və təbii ki, belə bir şəxsin postunda saxlanılması nə dövlət maraqlarına, nə də Prezident İlham Əliyevin dövlət maraqlarının qorunması üçün irəli sürdüyü prinsiplərinə uyğun deyil.

“Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat sisteminin olduğu orqandır və bu qurum milli təhlükəsizliyimizə təhlükə olan terror, mütəşəkkil cinayətkarlıq, kiberhücumlara və digər bu kimi qlobal təhdid olan nüanslara diqqət yetirməlidir. Daha lokal, yerli səviyyəli işlərlə məşğul olmaq birbaşa MTN-nin işi deyil. Etiraf etməliyik ki, son vaxtlar təhlükəsizlik orqanı daha çox narkoticarətə qarşı mübarizə idarəsinə çevrilmişdi. Halbuki bu kimi cinayətlərin qarşısı Azərbaycan polisi tərəfindən uğurla alınır. MTN isə Azərbaycana qarşı xarici təhdidləri araşdırmalı, onların zərərsizləşdirilməsi istiqamətində fəaliyyət göstərməlidir”.

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Prezident İlham Əliyev Azərbaycan dövlətinin milli təhlükəsizliyinə xüsusi diqqət yetirir: “Dövlət başçısının hüquq-mühafizə orqanlarına, orduya, eləcə də MTN-ə qayğısı göz önündədir. Hazırkı dünyanın çağırışları, artıq reallığa çevrilən terror təhlükələri və digər məsələlər dövlət başçısının diqqətindədir və onun qayğısının qarşısında milli təhlükəsizlik orqanları lokal fəaliyyətlə kifayətlənməməlidir”.

Z.Oruc əlavə edib ki, Azərbaycan bir çox qlobal güclərin maraq dairəsində olan və strateji baxımdan xeyli qaynar regionda yerləşən ölkədir: “Üstəlik, biz müharibə şəraiti ilə üz-üzə olan dövlətik. Belə bir vəziyyətdə Prezident İlham Əliyevin bu addımı doğru və zamanında atdığını düşünürəm”.

Komitə üzvü qeyd edib ki, sahibkarların soyulması ilə yeni iş yerlərinin açılmasına vurulan zərbə və büdcəyə ödəmələrin əngəllənməsi haqlı olaraq dövlətin birinci şəxsində qəzəb doğurmuşdu: “Nazirlər Kabinetinin iclasında sahibkarlığın boğulması, onların müxtəlif soyulmalara, qeyri-qanuni tələblərə məruz qaldığı vurğulandı. Lakin hamıya bəllidir ki, hüquq-mühafizə orqanlarının müdaxiləsindən danışarkən ilk növbədə MTN nəzərdə tutulurdu. Çünki iş adamları üzərində töycü və təhkimçilik qaydalarını quran, onlardan qanunsuz ödəmələr tələb edən, nə qədər dəhşətli olsa da, təhlükəsizlik qurumunun təmsilçiləri idi. Ölkəyə gələn azərbaycanlı iş adamalarının sanki ovu aparılırdı. Hərəsinin üstünə “damarına baxıb qan alma təzminatı” qoyulurdu”.


Onun sözlərinə görə, Azərbaycan vətəndaşına qarşı qanunsuz əmələ yol vermiş hər bir şəxs kimliyindən asılı olmayaraq, bu ölkənin hər bir insanının prezidenti olan İlham Əliyevi qarşısında görür və MTN-nin keçmiş rəhbəri ilə bağlı da bu baş verdi.


Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında Eldar Mahmudovun işdən çıxarılmasını daha çox MTN-nin regional proseslərdən kənarda qalması ilə əlaqələndirib: “Hazırda İŞİD təhlükəsi bütün regionu təhdid edir. Doğrudur, MTN bir çox əməliyyat keçirərək, bu kimi şəxsləri zərərsizləşdirdiyini ortaya qoyurdu. Lakin görünür, bu, qaneedici səviyyədə olmayıb və ölkə rəhbərliyini qane etməyib”.


Politoloq qeyd edib ki, E.Mahmudovun ciddi səhvi olmasaydı, dövlət başçısı tərəfindən vəzifəsindən kənarlaşdırılmazdı: “Fikrimcə, bu səhv dövlətçilik məsələsi ilə əlaqədardır. Ola bilsin ki, onun qeyri-qanuni fəaliyyəti, eləcə də sahibkarların incidilməsi kimi əməlləri olub. Amma bu, MTN kimi qurumun rəhbərinin işdən getməsinə səbəb olacaq yeganə amil olmaya da bilər. Hesab edirəm ki, ortada çox ciddi dövlətçilik məsələsi var və dövlət başçısı bu məsələdə heç kimə güzəştə getmədiyi kimi, bu şəxsə də güzəşt etməyib”.


Müəllif:

Oxşar xəbərlər