Kanadanın SSL şirkəti Azərbaycanın ikinci telekommunikasiya peykini inşa edəcək. Bu barədə "Azərkosmos" ASC-nin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, SSL Azerspace-2 layihəsinin peyk sisteminin təchizatçısı seçildi.
Qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və Kanadanın MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti “Azərkosmos” ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib. Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan İntelsat ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək Azerspace-2 Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.
SSL şirkətinin Prezidenti Con Çelli (John Celli) bildirib ki, peyk operatorları ilə əməkdaşlıq sahəsində SSL-in böyük təcrübəsi var: "Biz Azərkosmosla İntelsatın inkişaf hədəflərini dəstəkləyəcək bir peyk istehsal etməklə bu şirkətlərin birgə əməkdaşlıq layihəsinə öz töhvəmizi verməyi səbirsizliklə gözləyirik”.
Azerspace-2 Azərkosmosun sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, Azerspace-1-in əhatə zonasını genişləndirməklə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrikada Böyük Səhranın cənub regionlarında ödənişli televiziya, hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətlərinə artan tələbatı qarşılayacaq.
Bu peyk İntelsatın hazırda 45° şərq uzunluğu orbital mövqeyində yerləşən və Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionlarında ödənişli televiziya platformalarını tutumla təmin edən İntelsat 12 peykinin davamlılığını təmin edəcək. Azerspace-2, həmçinin Afrikada korporativ şəbəkə və dövlət qurumlarını peyk xidmətləri ilə təmin edəcək.
“Bu yeni peyk Azərkosmosu regionda peyk tutumlarına artan tələbatı qarşılamaq üçün əlavə tutumla təmin edəcək və müştərilərimizə daha yüksək keyfiyyətli radio, televiziya və rabitə xidmətləri göstərməyimizə imkan yaradacaq. Biz dünyanın peyk sənayesinin aparıcı şirkətləri olan İntelsat və SSL ilə əməkdaşlıq etməyimizə məmnunuq” - deyə Azərkosmosun sədri Rəşad Nəbiyev bildirib.
İntelsatın Baş texniki direktoru Tyeri Qulemin (Thierry Guillemin) bildirib ki, bu layihə hazırda peyk sənayesində peyk operatorları arasında əməkdaşlığın bariz nümunəsidir: "SSL və Azərkosmosla əməkdaşlığımız bizə imkan verəcək ki, Mərkəzi Avropa və Asiyada müştərilərimizin məzmunun paylanmasına olan tələblərini qarşılayaq. Bu peyk, həmçinin Afrikadakı korporativ şəbəkələri biznesin qurulması və genişləndirilməsi üçün lazım olan genişzolaqlı rabitə ilə təmin edəcək”.
Azerspace-2 ABŞ-ın qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və MDA korporasiyasına məxsus olan SSL şirkəti tərəfindən dizayn və istehsal ediləcək. Müqavilə çərçivəsində Kanadanın Riçmond şəhərində yerləşən, qlobal kommunikasiya və informasiya şirkəti olan MDA korporasiyası Azərkosmosa Yer səthinin radarla müşahidəsinə dair bilik və təcrübənin ötürülməsini də təmin edəcək. Peykin dizaynı yüksək etibarlı SSL 1300 peyk platformasına əsaslanacaq ki, bu da öz növbəsində, çoxsaylı tətbiqlərdən və yüksək texnologiyalardan istifadə imkanları yaradır.
Azerspace-2 peyk layihəsi Kanadanın “Export Development Canada” (“EDC”) ixrac-kredit agentliyi tərəfindən uzunmüddətli və güzəştli kredit xətti vasitəsilə maliyyələşdiriləcək. Peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.
İntelsat S.A. (NYSE: I) dünyanın peyk xidmətləri üzrə aparıcı şirkətidir. Şirkət 50 ildən çoxdur ki, media, stasionar və mobil genişzolaqlı infrastrukturlar, korporativ, dövlət və hərbi sahədən olan müştərilərə yüksək keyfiyyətli rabitə həlləri təqdim edir. Peyk sənayesində İntelsatın peyk, teleport və fiber infrastrukturunun analoqu yoxdur. Bu şirkət video və genişzolaqlı xidmətlərin transmissiyasının standartlarını müəyyən edir. Daha ətraflı məlumatı www.İntelsat .com veb səhifəsindən ala bilərsiniz.
MacDonald, Dettwiler and Associates Ltd. (MDA) korporasiyasına məxsus olan Space Systems/Loral (SSL) peyk operatorları və innovativ kosmik missiyaları dəstəkləyən, kommersiya yönümlü peykləri geniş təcrübəsi ilə təmin edən aparıcı təchizatçı şirkətdir. Şirkət əsasən ödənişli televiziya, video məzmunun paylanması, genişzolaqlı internet, mobil kommunikasiya və Yer səthinin məsafədən müşahidə peyklərinin dizaynı və istehsalı sahəsində ixtisaslaşıb. 50 ildən çoxdur ki, Silikon Vadisinin innovatorlarından olan SSL-in yükək texnoloji məhsullarına müasir, kiçik ölçülü peyklər, mürəkkəb robotlar və məsafədən idarə olunan əməliyyatlar üçün avtomat həllər də daxildir. Daha ətraflı məlumatı www.sslmda.com veb səhifəsindən ala bilərsiniz.