Bu gün Bakıda Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, ilk olaraq, Kərbəla şəhidləri və Qarabağ uğrunda döyüşlərdə şəhid olanların ruhuna Qurandan ayələr oxunub.
Tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, İmam Hüseyn məktəbinin ən layiqli davamçıları Qarabağ şəhidləridir. Onun sözlərinə görə, Əhli-Beyt məktəbinin aşiqlərinin Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna rolu var: “Çox təəssüflər olsun ki, ölkəmizdəki milli və dini tolerantlıqdan sui-istifadə edən “dindarlar ” var. Onların zərərsizləşdirilməsi istiqamətində dövlətin atdığı addımlar təqdirəlayiqdir. Həqiqi inanc sahibləri bu həssas məsələdə dövlətin yanında olmalıdırlar”.
Tanınmış ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, əsrlərdir İmam Hüseyn şəhadətinin fəlsəfəsini anlayan Azərbaycan xalqı bu şəhidlik məktəbindən dərs alıb. Onun sözlərinə görə, bunun bariz nümunəsini Qarabağın azadlığı uğrunda canını fəda edən vətənpərvər oğulların şücaətində görmək olar.
Türkiyənin Azərbaycandakı səfirliyinin din müşaviri, professor Kamil Günəş bildirib ki ,Əhli – Beyt hər birimizin ortaq sevgisidir, eləcə də dinimizdə birləşdirici müqəddəs rola malikdir.
Daha sonra Turkiyə səfirliyinin mətbuat müşaviri Hamit Karataş, Qafqaz universitetinin rektoru, professor Ahmet Sanıc, tarixçi alim Dilavər Əzimli, ilahiyyatçi Elşad Mahmudov çıxış edərək bu kimi tədbirlərin Qarabağın işğaldan azad olunması yolunda gənclərə böyük mənəvi ruh verdiyini dilə gətiriblər. Tədbirdə şəhid və qazi ailələri də iştirak edib.
Sonda Kərbəla və Qarabağ şəhidləri adına ehsan süfrəsi açılıb.
BƏXTİYAR