19 Noyabr 2015 11:47
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə bağlı Rəyasət Heyətinin geniş iclası keçirilib.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, AMEA-nın prezidenti Akif Əlizadə İlham Əliyevin ümumi yığıncaqda irəli sürdüyü elmi prioritetlər haqqında geniş məruzə ilə çıxış edib.

Akademik ölkə başçısının Azərbaycan elminin qarşısında ölkənin yeni iqtisadi modelinin hazırlanması istiqamətində fundamental və tətbiqi tədqiqatların, o cümlədən qeyri-neft sektorunun gücləndirilməsi və ixrac potensialının artırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri ilə əlaqələndirilməsi və bu baxımdan kompleks araşdırmaların aparılması, sənayenin inkişaf prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

Akademik qeyd edib ki, AMEA-nın elmi bölmələrinin akademik-katibləri bu prioritetlərin elmi müəssisə və təşkilatların Elmi şuralarında geniş müzakirələrini təşkil etməli, təkliflər hazırlamalı, onların icrası ilə əlaqədar müvafiq qərar qəbul edərək AMEA Rəyasət Heyətinə təqdim etməlidirlər.

Tədbirin növbəti hissəsi alimlərin çıxışları ilə davam edib. AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev Kimya Sənaye Parkının yaradılması prosesində Azərbaycan alimlərinin yaxından iştirakının təmin edilməsi, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov ölkədə kosmik sənayenin inkişafı ilə əlaqədar bu sahədə beynəlxalq elmi təcrübənin mənimsənilməsi, xüsusən də yüksək texnologiyalara dair araşdırmaların ölkəmizdə aparılmasının təmin edilməsi, akademik Pərviz Məmmədov Azərbaycanın neft-qaz sənayesinin inkişafı ilə əlaqədar araşdırmaların bundan sonra da uğurla davam etdirilməsi, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks araşdırılması ilə bağlı çıxışlar ediblər.

Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elmlər sahəsində araşdırmaların daha da genişləndirilməsi mövzularında çıxışları dinlənilib.

Bundan əlavə, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan tarixinin saxtalaşdırılmasının qarşısının alınması istiqamətində tarix elmi sahəsində uğurla həyata keçirilən araşdırmaların davam etdirilməsi, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi və AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması və sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması kimi mövzularda çıxışlar ediblər.

Tədbirin sonunda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, AMEA-nın 70 illik yubileyi münasibəti ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatları və fəxri adlara layiq görülmüş AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib. Akademik Akif Əlizadə mükafatçıları təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.

NİGAR


Müəllif: