24 Noyabr 2015 11:39
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süni mayalanma yolu ilə heyvandarlıqla məşğul olanlara 100 manat subsidiya nə zaman veriləcək?

2015-ci ilin Kənd Təsərrüfatı ili elan olunmasından sonra süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat subsidiya müəyyən edilib.

Müvafiq sərəncamda qeyd edilir ki, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat subsidiya verilsin.

742 baş inəkdən 520 baş buzov alınıb

Bu günlərdə cəbhə bölgəsində yerləşən Füzuli rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirlərinin genişləndirilməsi ilə bağlı məlumat yayıldı.

Füzuli rayon baytarlıq-diaqnostika kabinetinin direktoru Orxan Quliyevin verdiyi məlumata görə, ilin əvvəlindən rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 742 baş inək və düyə süni yolla mayalandırılıb, 520 baş sağlam cins buzov alınıb.

Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şves” cinsindən olan buğaların toxumlarından istifadə edilib. İlin sonunadək min başadək heyvanın süni mayalandırılması nəzərdə tutulub.

Orxan Quliyev qeyd edib ki, heyvanlar arasında süni mayalanma tədbirlərinin aparılması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınmasına, ət və süd istehsalının artmasına təsir göstərir.

Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb.

Cəlilabad rayonunun heyvandarlıq təsərrüfatlarında süni mayalama yolu ilə 1727 baş cins buzovun alınması barədə məlumat yayıldı.

Proses başlanacaq

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyevin qəzetimizə verdiyi məlumata görə, hazırda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün ölkənin bütün rayonlarında süni-mayalandırma üsulu tətbiq olunur, bu şəbəkə ildən-ilə genişlənir və yeniləşir.

Yeniliyin nədən ibarət olacağı ilə bağlı şöbə müdiri bildirdi ki, ölkə başçısının sərəncamı ilə subsidiyaların müəyyənləşdirilməsi üçün iş aparılır: “Nazirlər Kabinetində qaydanın hazırlanması istiqamətində iş gedir. Qayda qüvvəyə mindikdən sonra prosesə başlanacaq”.

Süni Mayalandırma Mərkəzinə xərclənən maliyyə açıqlanmalıdır

Qalib Əbdüləliyev bildirdi ki, genetik materialların istehsalı üçün Süni Mayalandırma Mərkəzi də inşa olunmaqdadır.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə bildirir ki, ölkə başçısının sərəncamına uyğun olaraq Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə uzun müddətdir bu mərkəzin inşası həyata keçirilir. Hər dəfə də müasir tələblərə uyğun yenidən qurulması adı ilə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır: “Düz 9 il əvvəl bu sahəyə büdcədən 4 milyon 140 min manat vəsait ayrılmışdı. Hətta keçmiş Kənd Təsərrüfatı naziri Göygöl rayonunda yerləşən Respublika Süni Mayalandırma Mərkəzinin istifadəyə verildiyini də bəyan etmişdi. Lakin bir müddət əvvəl bu sahəyə əlavə olaraq 2 milyon manat vəsait ayrıldı və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bu sahədə ilin sonuna qədər işlərin aparılacağını bildirdilər. İndi yenidən bu sahəyə vəsait ayrılır, bu dəfə 2,8 milyon manat”.

Vahid Məhərrəmovun sözlərinə görə, digər ölkələrdə bu kimi və bundan da böyük mərkəzlərin inşasına bizdəki qədər vəsait ayrılmır: “Məsələn, Özbəkistanda bu kimi mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 700 min avro xərclənib və təxminən bir o qədər də vəsait mərkəzin tikintisinə sərf olunub. Özbəkistanda artıq mərkəz fəaliyyətdədir və regionun ən böyük Süni Mayalama Mərkəzi hesab olunur.

Nəzərdə tutulan tədbirlər kampaniya xarakteri daşımamalıdır. Belə yanaşma ilə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Bu sahə mürəkkəb olduğu üçün daha ciddi düşüncə və fəaliyyət tələb edir".

Əldə etdiyimiz məlumata görə, hazırda Süni Mayalandırma Mərkəzində 29 baş heyvan üzərində təcrübə-sınaq işləri aparılır.

Sevil Hilalqızı


Müəllif: