25 Noyabr 2015 17:36
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntihar insanın öz həyatından şüurlu sürətdə imtina etməsidir. İntiharı ifadə edən suisid terminini elm aləminə XVII əsr həkim-filosofu Tomas Braun gətirib.

İntiharın iki növü var:

Fatal – yəni həyatın sonlanması

Qeyri-fatal – ölümə cəhd, yəni baştutmamış ölüm

Suisid termini yalnız insanlara xasdır, çünki şüurlu sürətdə baş verir. Burda əsas məqam bu prosesin “şüurlu sürətdə” olmasıdır. Bəzən ədəbiyyatda heyvanların da intiharına rast gəlirik. Məsələn, yeməkdən imtina edərək ac qalıb ölən heyvanlar və yaxud kütləvi şəkildə özlərini öldürən balinalar. Bu məqamlarda şüur yox, instinkt əsas rol oynayır.

İntihara tarixi baxış

Tarix boyu intihara münasibət birmənalı olmayıb. Müxtəlif epoxalarda, müxtəlif xalqların intihara münasibəti fərqli olub. Bu psixoloji akt gah günah hesab edilib, (xristianlıq), gah da yox (buddizm).

Antik dövrdə mühakimə olunmuş dustaq özünü öldürərdisə, buna çox yaxşı baxırdılar. Əgər öz həyatına son qoyan uduzmuş siyasi xadim idisə, bu qəhrəmanlıq hesab edilirdi. (Demosfen, Hannibal, Seneka).

Şərq ölkələrində özünüöldürmə cəmiyyətdə çox yaxşı qarşılanırdı. Belə ki, bu nəinki qadağan olunmurdu, hətta həmin insana hörmət qazandırırdı. Hindistanda əri ölmüş (Sati) qadın ritual olaraq özünü yandırmalıydı. Çində isə cinayətkarın özünü öldürməsi ənənəvi qisas üsulu hesab edilirdi.

Özünüöldürmə yapon mədəniyyətində daha böyük məna kəsb edirdi. Feodal Yaponiyasında samurayların xarakiri ilə həyatdan köçmə ənənəsi çox məşhur idi. Xarakiri (yapon dilindən tərcümədə “xara” qarın, “kiri” kəsmək) – yaponların intihar ritualıdır. XIX əsrin ortalarınacan Yaponiyada tanınmış şəxslər və bürokratlar ağır cinayətlərə görə öz ağrı-acılarını ifadə etmək üçün, özlərinin və ailələrinin namusunu qorumaq məqsədilə bu xarakiriləri tez-tez həyata keçirirdilər. İntihar etmək üçün onlar çox zaman öz dostlarını çağırırdılar. Belə ki, özünü öldürəcək şəxs qarnını xəncərlə deşir, dostu isə onun əzabla ölməsini əngəlləmək, ölümünü tezləşdirmək üçün onun boğazını kəsirdi.

Xarakiri 1868-ci ildə qanunla qadağa olunsa da, qeyri-rəsmi olaraq davam edirdi.
Bu ifadə yaponlar arasında çox da məşhur deyil. Onlar xarakiri əvəzinə “seppuku” ifadəsindən istifadə edirlər.

Könüllü və mütləq seppuku

Könüllü seppuku XII əsrdən tətbiq olunmağa başladı. Əsir düşmüş hərbçilər utancdan qurtulmaq üçün özlərini öldürərdilər. Məsələn, 1189-cu ildə Minamoto Yosuçini – cəsur döyüşçü və əsgər, öz qardaşı – yapon hökmdarının rüsvayçılığına məruz qaldıqdan sonra bu ritualı həyata keçirmişdi.

Könüllü seppuku həyata keçirənlərdən biri də öz rəhbərlərinin ölümü ilə barışmayanlar idi.

Mütləq seppuku isə samurayların edama məhkum olunması idi.
Buddizmin klassik qanunlarına əsasən, həyat iztirabdır və insan öləndən sonra ruhu bir vəziyyətdən digərinə keçir. Buna görə də intihar insanın öz seçimi hesab edilir.

Orta əsr qərb ölkələrində intihara münasibət

Orta əsir Qərb ölkələrində isə intihara münasibət fərqli idi. Xristianlıq intiharı tamamilə qadağan edirdi. Suisidlərə ruh təmizləmə mərasimi, onların dəfn edilməsi qəti qadağan olunmuşdu. Təsadüfən sağ qalanları isə çox ağır işlərə məhkum edirdilər.

Orta əsrdə Şərqi Avropada suisidlərin cəsədlərini dəhşətli hallara salırdılar ki, bu fikrə düşmək istəyənlər öz fikirlərindən daşınsınlar. Mərkəzi küçələrdə bu cəsədləri ayaqlarından asırdılar, yolayrıclarında onların ürəklərini deşir, ölmüş heyvanlarla birgə basdırırdılar.

Müxtəlif yanaşmalar...

Alber Kamü intihara insan azadlığının bir hissəsi kimi baxırdı.

Ziqmund Freyd zədəli psixoseksual durumu intiharın əsas səbəblərindən biri hesab edirdi.

Emil Dürkqeym isə suisidizmə sosial fenomen kimi baxırdı.

Suisidizmin tipologiyası

Emil Dürkqeym suisidizmi belə qruplaşdırmışdı:

Eqoistik suisidizm – Daha çox ailə problemləri ilə bağlı olur. Məsələn, övladın olmaması və ya tək yaşayan insanlar. Onlar bütün diqqətləri özlərinin tələb və ehtiyaclarına yönəltmək istəyirlər. Bu isə əhatələrindəki insanların tələbatı ilə uyğunlaşmır. Nəticədə onlar ölümü seçirlər.

Altruistik suisidizm - eqoistik suisidizmin tamamən əksini təşkil edir. Bu halda insanlar başqaları üçün qurban gedir. Belə ölümlər ritual xarakteri daşıyır. Məsələn, Hindistandakı dul qadınların özlərini yandırması, yapon kamikadzelər və ya batan gəminin kapitanının gəmini tərk etməməsi özünü qurban verməsini misal göstərmək olar. Dürkqeym hesab edirdi ki, belə insanları ölümə təhrik edən əsas səbəb enerjilərinin və ehtiraslarının çox olmasıdır.

Anomik suisidizm – Bunun əsasında cəmiyyətin krizisi dayanır (siyasi çevrilişlər, iqtisadi böhranlar). Cəmiyyətdə baş verən bu çalxalanmalar insanlar arasında disbalansa gətirib çıxarır. Ümidsizlik, qıcıqlanma, məyusluq və həyata nifrət kimi hallar insanları suisidizmə məhkum edir.

Suisdizmin səbəbləri

Yaş və cinsiyyət göstəricilərinin təsiri: indiki dövrümüzdə daha çox gənclərdir. Kişilər isə qadınlara nisbətən daha çoxdur.

Zaman parametrlərinin təsiri: Daha çox yaz və yay ayları və daha çox gündüz çağları.

Sosial xüsusiyyətlərin təsiri: tək yaşam və boşanmış insanlar. Sosial statusu düşmüş insanlar (işdən azad olma)

Narkomaniya və içkinin təsiri.

Spesifik özünüöldürmə alətlərinə əli çatan şəxslər: (toksik madələr - Çin, Hindistan və Şri-lanka və ya silah - ABŞ)

Həyat səviyyəsinin təsiri: inkişaf etmiş ölkələrdə daha çoxdur

Etnik mənsubiyyətlərin təsiri: Finlandiya, Macarıstan və Estoniyada – fin-uqor xalqları

ABŞ-da – ağlar arasında 2 dəfə daha çox

Suisidizmin artma səbəbləri

- Sosial inteqrasiyaların və sosial əlaqələrin azalması:
Modern cəmiyyətimizdə bir-birləri ilə qonşuluqda yaşayan insanların sayı artsa da, onlar arasında sosial əlaqələr çox azalıb.

- Paradoksal fenomen - daha komfortlu yaşayan insanlar daha çox intihar edirlər.

Sərvər Şirin


Müəllif: