15 Dekabr 2015 11:49
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jalə Orucova: “Məqsədimiz Azərbaycan vikipediyasının inkişafına nail olmaqdır”

Prezident yanında Gənclər Fondunun dəstəyi ilə dekabrın 7-dən “Azərbaycan həqiqətlərinin vikipediya vasitəsilə təbliği” layihəsinə start verilib.

Layihənin rəhbəri, Azərbaycanın ilk ensiklopediya saytı - azens.az-in yaradıcısı Jalə Orucovanın sözlərinə görə, 2016-cı ilin aprel ayına kimi davam edəcək layihənin məqsədi ölkə həqiqətlərinin təbliğinin gücləndirilməsinə töhfə verməkdir.

Картинки по запросу jalə orucova
Azərbaycan vikipediyasını inkişaf etdirmək

Jalə Orucova bizimlə söhbətdə bildirdi ki, “Azərbaycan həqiqətlərinin vikipediya vasitəsilə təbliği” layihəsinin fəaliyyətinə Azərbaycan vikipediyasında olmayan və Azərbaycan türkcəsinə tərcümə edilməmiş məlumatlar salınacaq: “Layihə əsasında vikipediyaya yüzlərlə məlumat yerləşdiriləcək. Zənnimcə, bu məlumatlar Azərbaycan vikipediyasının inkişafında böyük rol oynayacaq.

Azərbaycanın ilk ensiklopedik saytı olaraq indiyədək vikipediyaya 300-dən çox məlumat yerləşdirilib. Bu proses layihə çərçivəsində və layihə bitdikdən sonra da davam edəcək, məqsədimiz Azərbaycan vikipediyasının inkişafına nail olmaqdır".

“Azərbaycan həqiqətləri dedikdə nə nəzərdə tutulur” sualımıza cavabında Jalə Orucova dedi ki, Azərbaycan incəsənətinin, tarixinin, mədəniyyətinin bilinməyən tərəflərinin cəmiyyətə çatdırılması məqsəd seçilib: “Bu gün biz bu layihəni azərbaycanca, gələcəkdə isə müxtəlif dillərdə dünya mediasına çatdırmaq niyyətindəyik”.

Onun sözlərinə görə, vikipediyaya məlumat yerləşdirərkən ciddi yoxlanılır və daha sonra təsdiqlənir: “Məlumatlar ensiklopedik və lakonik xarakter daşıyır”.

Jalə Orucova onu da dedi ki, layihənin icrasına xaricdə yaşayan və təhsil alan azərbaycanlılar da yardım edəcək: “Vikipediyada könüllü fəaliyyət göstərən gənclərlə də əməkdaşlıq arzumuz var”.

Картинки по запросу araz yaquboğlu
Yalnız peşəkar məlumatlar vikipediyada yer almalıdır

Azərbaycan vikipediyasının idarəçilərindən biri, az.wikipedia.org-da könüllü fəaliyyət göstərən Araz Yaquboğlunun sözlərinə görə, bu cür layihələrin uğurlu icrası üçün virtual ensiklopediya məkanında könüllü prinsiplərlə işləyən peşəkarlarla əməkdaşlıq vacibdir: “Azərbaycan həqiqətləri dedikdə nə başa düşülür, bu anlaşılmalıdır. Vikipediyanın əsas prinsiplərindən biri odur ki, verilən məlumatlar lakonik olsun, ensiklopedik məlumatın oxunaqlığı təmin edilsin. Adından da göründüyü kimi ”viki" sözü “tez” anlamındadır".

Onun sözlərinə görə, vikipediya qeyri-kommersiya fəaliyyət sahəsidir deyə, hər ölkənin öz virtual ensiklopediya məkanına məlumatlar könüllülük prinsipi əsasında yerləşdirilir: “Ona görə də bu sahədə qrant əsasında kampaniya xarakterli fəaliyyət göstərməkdənsə, təkmil xarakterli fəaliyyət daha məqsədəuyğundur. Hesab edirəm ki, vətənpərvərlik, dövlət, xalq təəssübkeşliyi olan və bu sahə üzrə peşəkar işləyən şəxslərlə ümumilikdə Azərbaycanın mənafeyi üçün daha uğurlu nəticələr əldə etmək mümkündür”.

Azərbaycan 52-ci yerdə qərarlaşıb

Araz Yaquboğlu dedi ki, hazırda Azərbaycan vikipediyasında 101558 məqalə, 100-ə qədər aktiv var. Onun sözlərinə görə, vikipediya məlumatlarımızın ingilis, rus, fransız, italyan, gürcü və sair dillərdə yaymağa ehtiyac var.

Ötən illə müqayisədə Azərbaycanca vikipediyanın inkişafının normal vəziyyətdə olduğunu deyən ekspert bildirdi ki, az.wikipedia.org-da hazırda məqalə sayı da artır, keyfiyyət də. Onun sözlərinə görə, vikipediya virtual məkanında Azərbaycan 52-ci yerdədir.

“Ötən il bildirmişdiniz ki, 285 dilli virtual ensiklopediya arasında 44-cüyük. Geriləməyə səbəb nədir?” sualına cavabda Araz Yaquboğlu dedi ki, ümumilikdə virtual ensiklopediya məkanı genişlənib ki, bu sıraya yenə də ingilisdilli məlumatlar liderlik edir, bu üzdən Azərbaycan sıra sayına görə 52-ci yerdə qərarlaşıb: “İngilis vikipediyası ötən il 4 milyon məqalə yerləşdirmişdi, bu ay rəqəm 5 milyonu keçib”.

Картинки по запросу zaur babayev bdu
Kimliyimizi dünyaya tanıtmaq təəssübkeşliyi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Zaur Babayev də hesab edir ki, Azərbaycan virtual ensiklopediya məkanında məlumatlar artıb, amma bütün dünyada bu tendensiya var deyə bu sahənin çevik inkişaf üçün tədbirləri intensivləşdirməyə ehtiyac var: “Ötən ilə nisbətən informasiyalar zənginləşib. Amma nəzərə almalıyıq ki, başqa ölkələrdə də proqressiv inkişaf gedir. Ona görə də hansısa qrupun təşəbbüsü ilə bu sahəni inkişaf etdirmək mümkün deyil.

Biz bu məsələni mətbuatda, bir neçə televiziya kanalında dəfələrlə müzakirə etmişik. Bu sahəni inkişaf etdirsək, vikipediya nəinki Azərbaycan üçün təbliğat formasına çevrilə bilər, hətta dövlətə müəyyən mənada gəlir də gətirər. Fikrimcə, qrant əsasında bu sahənin inkişafından nəsə gözləməyə ümid etmək azdır. Çünki qrant bitdikdə bu sahəyə maraq da bitə bilər.

Doğrudur, gənclərin virtual məkandakı fəaliyyətinə stimul vermək baxımından bu, yaxşı addımdır. Amma məsələ kampaniya xarakterli olmamalıdır. Kimliyimizi, dövlətçiliyimizi, xalqımızı dünyada təbliğ etmək üçün daxili təəssübkeşliyimiz olmalıdır".

Zaur Babayev onu da bildirdi ki, tədris vaxtı tələbələrə bu hisslərin aşılanması və virtual ensiklopedik məkanda fəallıqlarının artırılmasına tərəfdardır: “5 ildən çoxdur Milli Jurnalistika Konqresinin xətti ilə bu məsələnin təbliği ilə məşğuluq. İnternetforumun prezidenti Osman Gündüzün də bu sahədə xidmətləri var. Tələbələrə kurs işi olaraq Azərbaycanın virtual ensiklopedik məlumatlarına dair mövzular verilir ki, onların diqqəti Azərbaycançılıq naminə daha faydalı istiqamətə yönəlsin”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər