"Bəzi valideynlər qızların ödənişli ali təhsil müəssisələrində oxumasında, onların Bakıya gəlməsində maraqlı olmurlar. Ən yaxşı halda qızların yaşadıqları rayonun yaxınlığındakı kollec və digər təhsil müəssisələrinə qəbuluna razılıq verirlər".
Teleqraf.com xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” dair beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, son 5 ildə aparılan təhlillər göstərir ki, qız abituriyentlərin bilik göstəricisi oğlanlardan daha yüksəkdir: "Düzdür, son illər sənəd verənlər arasında qızların sayı azalıb. Lakin ali məktəbə qəbul olma faizlərinə gələndə qızlar üstünlük təşkil edir. Orta statistik qız daha yüksək bal toplayır, ali məktəbə daxil olur".
M.Abbaszadə bildirib ki, şagirdlərin məktəbdən yayınma probleminə baxanda bu rəqəm ölkə üzrə bərabər olsa da, bəzi regionlarda nisbətlər fərqlənir:
“2004-cü ildə 125 mindən çox uşaq birinci sinifə qəbul olunub. Qız və oğlanların məktəbə başlama sayı bərabərdir. Bəzi regionlarda bu rəqəmlərin fərqlənməsi təbiidir. 9-cu sinfə gəlib çatanda isə məlum olub ki, 125 min uşağın 3.5 %-i təxminən 4500-dən çox uşaq icbari təhsil almayıb. Onların yalınız 600-ü oğlandır. Demək icbari təhsil almayan azərbaycanlıların 85%-i qızdır. Hər il bu proses davam edir. Qızların təhsildən yayınması daha çox regionlarda müşahidə edilir. 9-cu sinfi bitirən 21% gənc 11-ci sinfə getməyib. Bu təxminən 30 min şagird deməkdir. Zaqatala-Qax və Zərdab kimi regionlarda mıktəblərdə demək olar ki oğlan yoxdur”.
M.Abbaszadə bir çox valideynlərin qızların ali təhsil almasına mane olmasına toxunub.
“Təəssüf ki, valideynlər qızlarını ödənişli təhsil almasına icazə vermirlər. Onlar əsasən kolleclərə qəbul olurlar. Bunun digər səbəbi də qızların Bakıya gəlməsində maraqlı olmamaları ilə əlaqədardır. Bütün bunlar nəzərə alınaraq cənub regionunda 5 orta ixtisas təhsili müəssisəsi açılıb”.
Nardaranda qızların təhsildən yayınmasına toxunan M.Abbaszadə vurğulayıb ki, bu qəsəbədə hər il 100 qız məktəbə gedirsə onlardan 10-u 11-ci sinfə gəlib çatır.
M.Abbaszadə magistratura pilləsində qızların sayının üstünlük təşkil etdiyini deyib.
“Ali təhsil alan qızların əksəriyyəti magistratura təhsilini davam etdirir. Bu il magistraturaya qəbul olanların 55% -i qız, 44%-i oğlanlardır. Rezidentura səviyyəsin 77% qız, 23 oğlanlardır. Bu məlumatlar hər il araşdırılır. Tendensiyalar müəyyənləşəndən sonra hökümətə təqdim edirik”.
İlhamə Əbülfət