Bakıda növbəti 3 gündə hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, çiskinli olacağı, axşama doğru buludluluğun artacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 23-də hava şəraitinin çiskinli olacağı, günün ikinci yarısında isə şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Dekabrın 23-25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.