Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KIVDF) 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mükafatlandırılma mərasimində KİVDF-nin icraçı direktoru Vüqar Səfərli jurnalistlərə müsabiqədə yüksək səviyyədə iştirakına görə təşəkkür edib. Onun sözlərinə görə, noyabrın 13-dən dekabrın 15-dək davam edən müsabiqəyə 156 yazı daxil olub: “Bu yazılar 60 KİV-i əhatə edir. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndirilib. Elan etdiyimiz 19 istiqamətin hər biri üzrə 6 jurnalist qalib elan edilib. Ümumilikdə 114 qalib elan edilməli idi. Lakin bir istiqamətdə 5 yazı daxil edilmişdi, sözsüz onların hər biri qalibdir, ona görə də yekunda qaliblərin sayı 113 oldu. Məni sevindirən hal bu idi ki, regionlarımızda fəaliyyət göstərən jurnalistlərimiz müsabiqəyə qatılıb”.
V.Səfərli daha sonra bildirib ki, 2009-cu ildən 2015-ci ilin iyulunadək KİVDF-nin elan etdiyi müsabiqələrdə qalib gələn jurnalistlərin yazıları içərisində ən yaxşı 100 yazıdan ibarət kitab çap olunub: “Bundan sonra da bu ənənəni davam etdirəcəyik. Digər qurumlarla da keçirdiyimiz müsabiqələrin qaliblərinin yazıları da növbəti kitabımızda yer alacaq”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, yazıların qiymətləndirilməsi prosesində keyfiyyətə önəm verilib. Onun sözlərinə görə, əvvəlki illərə nisbətən bu ilki müsabiqəyə 156 yazının daxil olması təqdirəlayiqdir.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, bu il jurnalistlərin yaradıcı yanaşmasında, dil və üslubunda irəliləyiş olub: “Əvvəlki illərdə bizi 2-3 yazı titrədirdisə, bu say getdikcə artmaqdadır. Bəzən yazıların əhəmiyyətli hissəsi əkiz bacıları xatırladır, onlar bir-birinə bənzəyir. İstinad mədəniyyətinin olmadığı yazılara da rast gəlinir. Kabinetdə oturub reportaj yazan jurnalistlər də var. Biz “kabinet jurnalistikası” ilə gerçək jurnalistikanı fərqləndiririk. Jurnalistlər müsabiqələrə təqdim etdikləri yazılara yaradıcılığın bir hissəsi kimi baxsalar yaxşıdır”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev müsabiqəyə təqdim olunan yazıları yoxlayan ekspert qrupuna elmi fəaliyyətlə məşğul olan peşəkar jurnalistlərin cəlb olunmasını təklif edib. O, bu istiqamətdə elmi vəsaitin də az olduğunu deyib: “Jurnalistika sahəsində yenilik edə bilən alimlər gərəkdir. Təcrübəli jurnalistlər KİV sahəsində dissertasiya işi götürüb müdafiə etməklə bizə baza verə bilərlər”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, müsabiqə üçün təqdim olunan hər bir yazı sətirbəsətir oxunur: “Hansısa boşluğa yol verilməsi mümkün deyil. Qiymətləndirilmə zamanı keyfiyyət məsələsinə xüsusi önəm vermişik. Canlı araşdırmaların olması baxımından builki yazılarda inkişaf hiss olunur, yazıların əksəriyyətində araşdırma aparılmasına cəhd edilib. Bu tempi qorumaq lazımdır. Müsabiqəyə publisistik yazılar və hekayələr təqdim edən jurnalistlər də vardı. Bundan başqa araşdırma zamanı rəyi soruşulan ekspertlərin eyniqütblü olması tendensiyası da nəzərə çarpırdı”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov jurnalistlərin peşə etikasının pozulması ilə bağlı iradlarını bildirib: “Bəzən diqqət edirəm, jurnalist bir gün mədəniyyət mövzusunda, səhəri gün hüquq-mühafizə orqanları, növbəti gün isə iqtisadi problemlərdən bəhs edən yazı hazırlayır. Belə yazıları mütəmadi oxuyuram. Həmin yazılarda keyfiyyətsizlik açıq-aşkar görünür. Əslində bu, jurnalistlərin şəxsi keyfiyyəti ilə deyil, obyektiv, bəlkə də subyektiv səbəblərlə bağlıdır”.
Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında qeyd edib ki, özünün və Əflatun Amaşovun Milli Məclisdə təmsil olunması Azərbaycan Prezidentinin mətbuata olan diqqət və qayğısının göstəricisidir.
Mükafatlandırılan jurnalistlər arasında “Güntəlik Teleqraf” qəzetinin, Teleqraf.com və Publika.az saytlarının əməkdaşları da var.
Nərgiz