Kanadadakı səfirliyimiz tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ottava şəhəri meriyasının binasında tədbir keçirilib.
Səfirlikdən bildirilib ki, tədbirdə Ontario əyalətinin parlament üzvü Cek Maklaren, Türkiyənin Kanadadakı səfiri Selcuk Ünal, Kanada Müdafiə Nazirliyinin milli kadet proqramının komandiri, briqada generalı Keli Voyden, məşhur jurnalist Skot Teylor, eləcə də Ottava, Toronto və Monreal şəhərlərində yaşayan 100-dən çox soydaşımız iştirak edib.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açıb, bu bayramın təsis edilməsinin milli lider Heydər Əliyevin təşəbbüsü olduğunu vurğulayıb.
Bildirilib ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımız və həmvətənlimizin respublikamızla əlaqələrini möhkəmləndirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bundan əlavə, həmrəylik gününün Azərbaycan diasporunun ən mühüm bayramı hesab edildiyi və bu bayramın elan olunmasının milli diasporumuzun formalaşmasında, diaspor cəmiyyətlərimizin təşkilatlanması və onlar arasında əlaqələrin möhkəmləndirilməsində başlıca məqamlardan biri olduğu vurğulanıb.
Səxavət