24 Dekabr 2015 19:53
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi elm və beynəlxalq münasibətlər departamenti tələbələr üçün “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın hazırlanması üzrə “Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun yekun iclası”nın simulyasiyası təşkil olunub. Simulyasiya nəticəsində Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi qəbul olunub.

Simulyasiyadan əvvəl Xəzərin hüquqi statusu ilə bağlı aparılan danışıqlardakı məsələlərin müzakirə olunduğu dəyirmi masa təşkil edilib.

Müzakirələrdə Bakı Dövlət Universitetinin Beynəlxalq Ümumi Hüquq kafedrasının müdiri Rüstəm Məmmədov, Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı mütəxəssisi Kamal Makili-Əliyev və Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın da iştirak etdiyi dəyirmi masada Xəzərin hüquqi statusu ilə bağlı aparılan danışıqların müxtəlif aspektləri müzakirə olunub.

Tədbirdə ilk olaraq çıxış edən Xəzər Universitetinin rektoru Hassan Niknafs belə tədbirlərin tələbələr üçün əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Rüstəm Məmmədov Xəzərin statusu ilə bağlı davam edən mübarizələrin tarixçəsindən bəhs edib. Xəzər dənizi regionundakı təhlükəsizlik çağırışlarından danışıb.
Kamal Makili-Əliyev Xəzəryanı ölkələr arasında dənizin statusu ilə bağlı fikir ayrılıqlarının kökündə bu su hövzəsinin əslində bir göl olmasının durduğunu vurğulayaraq əlavə edib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi sahilyanı ölkələr tərəfindən bu hövzənin “dəniz”, yoxsa “göl” kimi kateqoriyalaşdırılmasından asılıdır.

İlham Şaban hər bir Xəzəryanı dövlət tərəfindən dənizin bölgüsünə dair aparılan siyasətin əsas istiqamətlərindən danışıb.

Muxtar Hacızadə Xəzərin beynəlxalq hüquqi statusunun Azərbaycanın xarici siyasəti üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tələbələrin yalnız beynəlxalq arenada baş verən hadisələrlə bağlı deyil, Azərbaycanın xarici siyasətinin formalaşmasını təmin edən strategiyalar haqqında da məlumatlı olmalarının önəmini qeyd edib.

Sual-cavab sessiyası zamanı dəyirmi masa iştirakçıları tələbələrin Azərbaycan-İran və Azərbaycan-Türkmənistan arasında dənizin bölgüsü ilə bağlı anlaşılmazlıqlar, Xəzərdə balıqçılıq zonaların yaradılması nəticəsində ortaya çıxa biləcək hüquqi problemlər, Rusiyanın keçmiş Sovet ölkələri olan sahilyanı dövlətlərin qərar qəbuletmə prosesinə mümkün təsiri, Xəzərin bölgüsü ilə bağlı məhz Azərbaycan tərəfindən irəli sürülən təkliflər və Azərbaycan iqtisadiyyatının inkişaf edə biləcək qeyri-neft sahələri ilə bağlı suallarını cavablandırıblar.

Məhəmməd Muradov Azərbaycanın Xarici Siyasəti fənni çərçivəsində təşkil olunan simulyasiyaya hazırlaşmasını əks etdirən qısa video-çarx nümayiş etdirilib. Daha sonra dörd saata yaxın sürən danışıqlar nəticəsində iştirakçı dövlətləri təmsil edən tələbələr Xəzərin hüquqi statusuna dair konvensiya layihəsini qəbul ediblər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər