Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 3-də Şabran rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Şabran, Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul saat 11:00-da Şabran rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev prospekti, 60A) keçiriləcək.
Xaçmaz regional ədliyyə şöbəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17, əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Şabran rayonu Heydər Əliyev Mərkəzində qəbula yazılmaq olar.
Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.