Gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşib
2 fevral artıq 20 ildir ki, Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Bu gün 1996-cı ildə mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si Gənclər günü elan edilib.
“Gənclər milli ruhda böyüyəndə xarici təsirin heç bir əhəmiyyəti olmayacaq”
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bir qrup gənclə görüşündə Azərbaycan gəncliyinə çağırış edib və onlardan gözləntilərini dilə gətirib.
Ölkə başçısı qeyd edib ki, gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayır: “Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Hətta sovet dövründə dilimizi, adət-ənələrimizi, bayramlarımızı qorumuşuq. Yadımdadır, Moskvada oxuyanda Novruz bayramında bufetə şəkərbura, paxlava, səməni gətirəndə məni orada tənqid edir, tənbeh edirdilər ki, Əliyev burada dini bayramı qeyd edir. Yəni, o da olub. Amma qorumuşuq və müdafiə etmişik. Novruz bayramı dini bayram olmasa da, indiki şəraitdə, əlbəttə, biz onu qorumalıyıq. Çünki indi başqa risklər, başqa çağırışlar var - qloballaşma, digər kənar təsirlər. Bəzi xarici dairələr gənclər arasında iş aparırlar və aydındır ki, bunun məqsədi nədir. Məqsəd özləri üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa işə salına bilər. Amma gənclər milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur”.
“O vaxtkı tarix çox acınacaqlıdır, tariximizin qara səhifələridir”
Ölkə başçısı Azərbaycanın müstəqilik yolunda keçdiyi sınaqlardan söz açıb. O bəyan edib ki, AXC-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla olub: “1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaq. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər”.
Vurğulanıb ki, AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycana rəhbərlik edənlər olduqca təcrübəsiz insanlar idi. Hakimiyyətə gələndən sonra isə onlar dərhal bir-biri ilə mübarizəyə başlayıb, xalqın onlara olan inamsızlığı və mənfi münasibəti nəticəsində cəmi 1 il hakimiyyətdə qala biliblər.
Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı və qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri seriyasına son verildi. Ölkədə dövlət idarəçiliyi institutları formalaşdırılmağa başladı, qanunsuzluğa və anarxiyaya son qoyuldu, cəmiyyətin bütün sahələrində sabitlik təmin edildi, 1996-cı ildə isə iqtisadi artım dövrü başladı. Gənclər siyasəti birinci dərəcəli məsələ kimi dövlətin qarşısında duran vəzifələrdən biri olub. 1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə birinci Gənclər Forumunun keçirilməsi isə çox əlamətdar hadisə idi. Bu forumda Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən edilmişdi.
Azərbaycan Prezidenti bugünkü Azərbaycan iqtidarının milli dəyərlərə və savadlı kadrlara çox böyük diqqət göstərdiyini vurğulayıb: “Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət.
Uzunmüddətli strategiyamızı müəyyən edirik, edəcəyik. Neftdən asılılıq tamamilə aradan götürülməlidir. Biz iqtisadi islahatlar, sahibkarlığın inkişafı, şəffaflığın hesabına buna nail oluruq və olacağıq. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi əlbəttə ki, bütün bu işlərdə fəal rol oynamalıdırlar. Mən buna əminəm ki, belə də olacaq və gənclərdən fəallıq gözləyirəm. Cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu var. Biz çalışmalıyıq ki, bütün qüsurları aradan götürək və hər sahədə ədalət tam təmin edilsin. Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə də, siyasətdə də, hər sahədə olmalıdır”.
İlham Əliyev Gənclər günü münasibətilə Azərbaycan gənclərini təbrik edib: “Əminəm ki, gənclər bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək, öz töhfələrini verəcəklər”.
Postneft dövründə gənclərə olan ümid
Yeni postneft dövründə gənclərə ümid böyükdür. İndiki dövr innovasiya, intellektual inkişaf dövrü olduğundan Azərbaycana qabaqcıl texnologiyalar gətirilməli və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bir sözlə, ölkəmizin taleyi gənclərdən, onların fəaliyyətindən, baxışlarından və fikirlərindən asılı olacaq. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi bütün bu işlərdə fəal rol oynamalı, Azərbaycan menecerləri iri layihələrin, müəssisələrin idarə edilməsi işini öz öhdələrinə götürməyə başlamalıdır. Strategiya düzgün qurulmalıdır ki, 5-10 il ərzində bütün şirkətlərimizin başında Azərbaycan vətəndaşları dayansın.
Elvin Aslanov: “Gənclər dövlətimizin inkişafı üçün əllərindən gələni edəcəklər”
Ölkə başçısı ilə görüşdə iştirak edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bildirib ki, Azərbaycan Prezidentinin bir qrup fəal gənclə görüşməsi müstəsna əhəmiyyətə malikdir: “Cənab Prezident hər dəfə olduğu kimi gənclərlə çox səmimi bir söhbət apardı. Əvvəlcə Azərbaycanın keçdiyi müstəqillik yoluna nəzər saldı və bu müstəqilliyin hansı əziyyətlər bahasına başa gəldiyini gənclərin diqqətinə çatdırdı. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsindəki rolunu xatırladan cənab İlham Əliyev gənclərimizin milli dəyərlərə bağlı yetişməsinin və dövlətçiliyimizin qorunmasında çox vacib rol oynamasının əhəmiyyətini qeyd etdi. Gənclərin hər bir sahədə aktiv rol oynamasının vacibliyini qeyd edən ölkə başçısı gənc alimlərin yetişməsi, müxtəlif müəssisələrdə azərbaycanlı gənc menecerlərin olması, gənc sahibkarlara kömək, beynəlxalq təşkilatların işində azərbaycanlı gənclərin iştirakı və digər bu kimi məsələlər barədə öz fikirlərini bildirdi. Düşünürəm ki, bu görüş gənclər siyasəti və gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi. Bu görüş biz gənclərə yeni hədəflərin müəyyən edilməsi, fəaliyyət istiqamətlərinin seçilməsi, məqsədlərin aydınlaşdırılması baxımından yararlı olacaq. Cənab Prezident hər dəfə gənclərə necə xüsusi qayğı ilə yanaşırsa, gənclər də bundan sonra onun ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əllərindən gələni edəcəklər”.
Fərhad Hacıyev: “Dünyanın heç bir ölkəsində gənclərə bu qədər imkanlar açılmayıb”
Görüşdə iştirak edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də fikirlərini bölüşüb. Onun fikrincə, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti unikal bir fenomendir: “Mən 15 ildən artıqdır ki, gənclər siyasətinin icrasında iştirak edirəm. Bu 15 ildə bir çox ölkələrdə olmuşam, tədbirlərdə iştirak etmişəm, görüşlər keçirmişəm, müşahidələr aparmışam. Tam əminliklə deyə bilərəm ki, dünyanın heç bir ölkəsində gənclərə dövlət tərəfindən bu qədər imkanlar açılmayıb. Azərbaycanda dövlət gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev uzaqgörən insan idi və gənclər siyasətini də uzaq perspektivlərə hesablamışdı. Yəni gənclərə qoyulan investisiyalar bir neçə ilə sonra öz nəticələrini verir. Azərbaycanda 1-ci Gənclər Forumunun keçirilməsindən 20 il vaxt keçir. O forumda gənclərlə bağlı infrastruktur bazasının yaradılması, qanunverici orqan tərəfindən müəyyən qanunların qəbul edilməsi, dövlət tərəfindən xüsusi məqsədlərə yönəlmiş, konkret hədəflərə hesablanmış dövlət proqramlarının qəbul edilməsi, müxtəlif dövlət qurumlarının birgə fəaliyyəti kimi təkliflər səslənmişdir. Artıq bu məsələlər öz həllini tapıb. Gənclər siyasəti real işlərə əsaslanan və real nəticələr verən siyasətdir ki, bu gün Azərbaycanda sağlam, vətənini sevən, müasir düşüncəli, yenilikçi gənclik böyüyür”.
NƏRGİZ