Rektor Çingiz Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının nümayəndələri Qafqaz Universitetində olub.
Nümayəndə heyətini qəbul edən Universitetin rektoru, professor Ahmet Saniç universitet haqda ətraflı məlumat verib. O bildirib ki , “ Qafqaz Universitetində E-universitet sistemi tətbiq olunur. Üç milyon bazası olan elektron kitabxanamız var. Şirkətlərlə qurulmuş əlaqələr sayəsində universitetin maddi texniki bazası müasir avadanlıqlarla təhciz olunub. Bp –Azərbaycan tərəfindən qurulmuş 11 sahə üzrə mexanika laborotoriyaları bizim əməkdaşlığımızda mühüm rol oynaya bilər ”.
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev çıxışında qeyd edib ki, Azərbaycanda dənizçilik təhsilinin bünövrəsi 1881-ci ildə qoyulub. 1996-cı ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb. Hal –hazırda Akademiyada 3 fakültə, 16 kafedra fəaliyyət göstərir. Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınıb, onun təşəbbüsü ilə dünya ali dəniz təhsili sisteminə daxil edilib. ADDA MDB və xarici ölkələrin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir və Sankt-Peterburqdakı admiral S.Makarov adına Dəniz Akademiyası yanında elmi-metodik Şuranın üzvüdür. Azərbaycan Dövlət Dəniz Akademiyasının verdiyi diplom və sertifikatlar beynəlxalq səviyyədə tanınır.
Tələbələrin kamil mütəxəssis kimi yetişməsində təcrübənin rolu böyükdür. Buna görə onların gəmilərdə tədris, istehsalat və üzmə təcrübələrinə xüsusi diqqət yetirilir. Dəniz Akademiyasında tədrisin təkmilləşdirilməsinə, elm və istehsalatla əlaqəsinə də fikir verilir.
Nümayəndə heyəti universitetin laborotoriyalarındakı avadanlıqlarla və tələbə elmi dərnəklərinin fəaliyyəti ilə tanış olduqdan sonra memorandum imzalayıblar. Memoranduma əsasən hər iki ali təhsil ocağının imkanlarından onların müəllim və tələbələri qarşılıqlı şəkildə istifadə edəcək, xüsusən Mexanika mühəndisliyi və idarəetmə ixtisasları sarasında əməkdaşlıq genişləndiriləcək .
NİGAR