Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəvəti ilə Bakıya gələn, Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin iştirakı ilə mətbuat konfransı keçirilir.
Teleqraf.com-un xəbərinə görə, mətbuat konfransında çıxış edən L.Markoviç qeyd edib ki, 1989-92-ci illərdə Gəncədə SSRİ qoşunlarının tərkibində hərbi xidmətdə olub: "Gəncə aeroportu Dağlıq Qarabağa yaxın aeroport idi. Mən helikopter komandiri idim. 1991-ci ilin dekabrında dinc əhalini Dağlıq Qarabağ ərazisindən müharibə olmayan ərazilərə daşıyırdım. 1992-ci ilin fevralın 27-də Gəncəyə qayıdanda Xocalının şərqində 2 km məsafədə dağın ətəyində rəngli paltarlı dinc əhalini gördüm. 500 metr məsafəyə endim və gördüm ki, ermənilər yaralı olan dinc əhalini güllələyirlər. Onlar Azərbaycan vertolyotunu görəndə atəş açmağa başladılar. Gəncəyə gəlib hadisə barədə Azərbaycan rəhbərliyinə məruzə etdim. O zamankı prezident Ayaz Mütəllibovun köməkçisi Gəncəyə gəlib dedi ki, siz hadisə baş verən ərazini tanıyırsınız, çəkiliş üçün jurnalistləri həmin yerə aparın. Həmin əraziyə apardığım jurnalistlər arasında Çingiz Mustafayev də var idi. O zaman Çingizə çox böyük inam vardı. İnanırdılar ki, o, doğru məlumat ötürəcək. Çəkiliş üçün cəmi 5 dəqiqə vaxt var idi. Biz havada 5 dəqiqə uçuş etməli idik. Çünki ermənilər bizi görürdülər və atəş aça bilərdilər. Həmin çəkiliş sayəsində dünya ictimaiyyəti bu qətliam haqda məlumat əldə etdi".
"Polis kapitanı başı dağılmış uşağını qucağına alıb helikopterə gətirdi"
Ukraynalı pilot helikopterdə 2 polis işçisinin olduğunu da bildirdi: "Jurnalistlər ümumilikdə 10-15 dəqiqə çəkiliş apara bildi. Helilopter heyəti aşağı endirdi, özümüz isə havada hazır vəziyyətdə dayanmışdıq ki, ermənilər gələndə dərhal həmin ərazini tərk edək. Heyət aşağı enəndə bir neçə dəqiqə şok yaşadı. Jurnalistlər 2-3 dəqiqə ərzində çəkiliş edə bilmədilər. Çünki insan əsəbləri olanları qəbul etməyə tab gətirmirdi. Meyitlər bir-birindən 200 metr aralı düşmüşdü. Göydən aydın görünürdü, ancaq jurnalistlər üçün onları çəkmək çətin idi. Hətta ekipajda olan bir polis kapitanı meyitlər içərisində öz oğlunu tapdı. Başı dağılmış uşağını qucağına alıb helikopterə gətirdi. Həmin an biz göyə qalxmağa başlayırdıq. Öz övladını helikopterə qoydu, əlləri boşaldı. Deyəsən ağlını itirmişdi".
Pilot onu da qeyd etdi ki, Xocalı soyqırımı haqda beynəlxalq məhkəmə olarsa, şahid qismində çıxış edəcək: "Mən olanları, Xocalıda gördüklərimi danışmağa hazıram".
Nərgiz