Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Sabirabad, Qax və Qusar rayonlarının daha 3 kəndinə ilk dəfə təbii qaz verilib.
Teleqraf.com SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd asaqqalları iştirak ediblər.
Qax rayonunda keçirilmiş tədbirdə bildirillib ki, 377 abonenti olan Tasmalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 798 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Qusar rayonunun 136 abonentlik Əniqoba kəndinin ilk dəfə qazlaşdırılması ilə əlaqədar keçirilmiş mərasimdə isə qeyd olunub ki, bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 15 176 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sabirabadın Muğan Gəncəli kəndinə ilk dəfə təbii qaz verilməsi münasibətilə keçirilmiş tədbirdə vurğulanıb ki, 316 abonentlik kəndin qazlaşdırılması zamanı 25 491 metrlik polietilen və metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.