Bakı Dövlət Universitetində Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.
Çıxış edən rektor, akademik Abel Məhərrəmov dünyanın tanınmış siyasətçilərindən biri, qardaş Bolqarıstan Respublikasının Prezidenti, müasir dünyada elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Rosen Plevneliyevin Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, prezident Rosen Plevneliyev dövlət başçısı İlham Əliyevin tövsiyəsi ilə martın 10-11-də “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edib.
Qonaq haqqında məlumat verən rektor Abel Məhərrəmov bildirib ki, R.Plevneliyev Bolqarıstanın çiçəklənməsi, demokratik dəyərlərin möhkəmlənməsi, ölkənin Avropa yönümlü tərəqqisi, həmçinin elmin və təhsilin inkişafı üçün böyük işlər görüb. Ali qonağın prezident seçildiyi gündən Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstəyi olduğunu, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini, Bolqarıstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini də xüsusi vurğulayıb.
Azərbaycan xalqı, dünya elmi və mədəniyyəti qarşısında, habelə xalqlar arasında dostluq, beynəlxalq əlaqələr, insan haqları, demokratiyanın inkişafı sahəsində böyük xidmətlər göstərmiş bir sıra tarixi şəxsiyyətlərin Bakı Dövlət Universitetinin fəxri doktoru olduğunu deyən rektor universitetin Elmi Şurasının iclasında cənab Rosen Plevneliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edildiyini nəzərə çatdırıb. Bolqarıstan Prezidenti “dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, Azərbaycan-Bolqarıstan Respublikaları arasında qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə” Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.
Prezident R.Plevneliyev, öz növbəsində, Azərbaycan-Bolqarıstan münasibətlərinin, o cümlədən təhsil sahəsində əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Prezident Bakı Dövlət Universitetinin onda xoş təəssürat yaratdığını bildirib, ona verilən yüksək ada görə universitetin Elmi Şurasına təşəkkür edib. Sonda prezident R.Plevneliyev tədbirdə iştirak edən tələbələrin suallarını cavablandırıb.
NİGAR