“Azərbaycanda orta məktəb məzunlarının yalnız 11%-i ilkin peşə-ixtisas təhsili məktəblərinə müraciət edir. Əvvəl bu rəqəm daha çox olurdu”.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin ilkin peşə ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə jurnalistlər üçün keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, peşə məktəbi məzunlarının yalnız 10-11%-i təhsilini davam etdirir. Buna səbəb bir çox məzunların ali təhsil almadan iş tapa bilmələridir: “Ona görə də, ali təhsil almağa maraq azdır. 2015-2016-cı tədris ilində ilk peşə-ixtisas təhsil müəssisələrinə 16990 şagird qəbul olub.
Ümumilikdə 126 peşə ixtisası üzrə 23850 nəfər bu məktəblərdə təhsil alır. Respublika üzrə 144 ilkin peşə məktəbi, 45 peşə liseyi, 61 peşə məktəbi, 2 tədris məktəbi var. Peşə təhsil müəssisələrinin 6-sı işğal olunmuş bölgələrdədir”.
N.İsmayılzadə bildirib ki, bu gün bir sıra peşə ixtisasları ömrünü başa çatdırıb. Bunun üçün də nazirlik tərəfindən tədricən ixtisasların təkmilləşdirmə işləri aparılır.
İlhamə Əbülfət