8 May 2016 10:07
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisi ərəfəsində yarışın keçiriləcəyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılacaq.

AZƏRTAC xəbər verir ki, tamaşaçılara üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, ətrafda yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb.

Plana əsasən yarışın keçiriləcəyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.

“Formula-1” şəhərciyinin olduğu Dənizkənarı Milli Park ərazisi iyunun 15-i gecə saat 01:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-i günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Milli Parka iyunun 16-ı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.

Qeyd edək ki, nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər və onun ətrafındakı digər ərazilər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və yaxınlıqda yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər.

Birinci zonaya aid nişanlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2 və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən veriləcək. İkinci və 3-cü zonalara aid ətraflı məlumatı (012) 492-09-02 telefon nömrəsi ilə əlaqə saxlayaraq Bakı Şəhər İcra Hakimiyyətindən əldə etmək olar.

Birinci və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 24:00-dan 06:00-dək icazə veriləcək. Üçüncü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. Birinci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə Azadlıq prospekti tərəfdən olacaq.

Şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər. Həmçinin trekin əhatə etdiyi qapalı zonalara əvvəlcədən təyin olunmuş yeraltı və yerüstü keçidlər vasitəsilə daxil ola biləcəklər. İyunun 16-sı günorta saat 12:00-dən etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.


Müəllif:

Oxşar xəbərlər