Azərbaycan millisinin və "İnter"in qapıçısı Kamran Ağayev bu dəfə sahibi olduğu "KN Lounge" restoranında xanım müştərilərdən birini döyməsi ilə gündəmə gəldi. Baxmayaraq ki, qolkiper hadisəni dolayı yolla təkzib edir.
Deyir ki, xanımı döyən olmayıb. Sadəcə, müştəri içkili olduğu, özünü apara bilmədiyi üçün restorandan uzaqlaşdırılıb.
Təbii ki, belə durumda zərərçəkən şəxsin danışmasına, məsələyə münasibət bildirməsinə ehtiyac vardı. Bunun üçün həmin xanımla müsahibə götürmək qərarına gəldik. Amma bu, bizə elə də asan başa gəlmədi. Xanım öz çevrəsində tanınan sima olduğundan, belə xoşagəlməz hadisə ilə gündəmə gəlmək niyyətində deyildi. Çətin də olsa, adının şərti yazılması razılığı ilə Kamranın qabalıq göstərdiyi xanımla danışdıq.
Sport7.az saytına müsahibə verən zərərçəkmiş xanım isə öz növbəsində açdı sandığı, tökdü pambığı...
- Nərmin xanım, (ad şərtidi) hadisənin baş verdiyi "KN Lounge" restoranına ilk dəfə idi ki, gedirdiniz?
- Xeyr. Ora hər dəfə getmişəm. Kamran oranı özü işlədəndə, Ağayevin qonağı kimi restorana gedib-gəlirdim. Daha sonra Kamran oranı mənim tanışlarıma icarəyə verdi. Bundan sonra da "KN Lounge" gedib-gəlməyə davam etdim.
- Yəni, daimi müştərilərdən biri idiniz...
- Bəli.
- Kamranla tanışlığınız hansı səviyyədə olub?
- Onunla çoxdan tanışıq, həm də yerliyik. Yadıma gəlir ki, Kamran "Karşıyaka"ya transfer olunanda da dostlarla onu İzmirə biz yola salmışıq. Belə bir yerli, dost kimi münasibətimiz olub.
- Bəs, hadisənin yaşanmasına nə səbəb oldu?
- Kamran başqa bir yerdə mənim şəxsi həyatımla bağlı danışıb. Bu da mənə xoş gəlmədi. Bununla bağlı da ona iradımı bildirmişdim. Demişdim ki, biz yerliyik, dostuq, elə edək ki, aramızda inciklik olmasın.
- Davanın olduğu gecə futbolçu restoranda idi, yoxsa?...
- Yox, orada deyildi. Kamranla aram dəyəndən sonra həmin məkana getmirdim. Sadəcə, həmin gün oranı işlədən dostlarım məni restorana dəvət etmişdi. Mən də öz qonaqlarımla idim. Əvvəlcədən Kamranın restoranda olub-olmadığını dəqiqləşdirdim. Çünki o olan yerə getmək istəmirdim. Mənə cavabında Ağayevin orada olmadığını bildirdilər. Bunun üçün də rəfiqələrimlə "KN Lounge" üz tutduq. Bizim ora getməyimizdən xəbər tutan Kamran da restorana gəldi. Normalda Kamranın gözəl geyimə üstünlük verdiyini bilirəm. Amma həmin gün restorana "İnter"in idman dəstini geyinib gəlmişdi. Bilirdim ki, növbəti günü "Xəzər Lənkəran"la oyunları var. Bəlkə də sözügedən hadisəyə görə, həmin oyunda oynamadı. Ola bilər ki, klub intizamsızlığına, bazadan gizli qaçdığına görə Kamranı cəzalandırıb.
- Bəs, sonra?
- Mənimlə üz-üzə gələndə üzümü çevirdim, oturduğum yeri dəyişdim. Bundan sonra o, mənim əyləşdiyim masa ətrafında fırlanırdı. Gördü ki, ona fikir vermirəm, orada işləyən xanımlardan birini çağırıb, mənim adımı çəkdi. Adımı eşidəndə mən də işçi xanıma dedim ki, bunda sonra mənim haqqımda səndən nə soruşsa, heç kimə hesabat vermə. Kamran da bu sözü eşidib, əyləşdiyimiz yerə gəldi.
- Dava da bundan sonra başladı?
- Mən də Kamran gəldi deyə, məkanı tərk etmək qərarına gəldim. Ancaq getmək istəyəndə məni itələdi, başım divara dəydi. Bundan sonra hər şey cızığından çıxdı. Ayağa duranda da iki dəfə üz nahiyəmdən zərbə endirdi. Mən də layiqincə cavabını verdim. Təpik atmaq istəyəndə zərbəsi araya girənlərdən birinə dəydi.
- Hadisə ilə bağlı polisə müraciət etmisiniz?
- Xeyr. Çünki bunu özümə sığışdırmıram. Nəsillərimiz bir-birini tanıyır. Xeyirdə, şərdə üz-üzə gəlirlər. Araya qohumları da girdi. Həmin gecə özümü narahat hiss etdiyim üçün xəstəxanaya gedib, müayinədən keçdim. Dedilər ki, almacıq sümüyündə problem var və üz nahiyəmdə toxumalar əzilib.
- Maraqlıdı ki, Kamran mətbuata açıqlamasında hadisəni dolayı yolla təkzib edir, davanın olmadığını bildirir.
- Mənim əlimdə hadisəni təsdiqləyən sübutlar, görüntülər var. Buna görə heç də narahat deyiləm.
- Əvvəlki dostluğunuz bərpa oluna bilərmi?
- Bunu Allah bilir, amma qəlbim qırılıb.
- Kamran özünü necə bağışlada bilər?
- Üzr istəsin və mənə bir də ilişməsin. O güclü bir kişidi, mən isə zərif xanımam.
- Kamrandan başqa futbolçu dostlarınız varmı?
- Əlbəttə. Özüm də Azərbaycan futbolunu yaxından izləyirəm. Futbolçu dost-tanışlar da yetərincədir. Hadisədən sonra bəlkə də 20-ə yaxın futbolçu mənə zəng etdi, mesaj yazdılar. Yanımda olduqlarını bildirdib, Kamranı bu hərəkətinə görə qınadılar.
- Aralarında Ağayevə cavab vermək istəyənlər oldu?
- Yox, yox, yox... Nə danışırsız? Heç buna mən şərait yaratmaram. Öz məsələmi özüm həll edirəm. Kamrana da ona görə əsəbləşirəm ki, mənimlə problemi var idisə, üçüncü şəxslə yox, özü deməliydi. Mənə başqası ilə ismarıc göndərirdi ki, ora getməsin, bura gəlməsin və s.
- Kamran sizdən niyə belə bir şey istəsin ki?
- Bəlkə də məni qorumaq məqsədi ilə belə edirdi. Amma mən də özümü bilən insanam. Kamran mənim məkanıma gələndə krallar kimi qarşılanırdı.
- Davadan sonra Kamran sizinlə əlaqə saxlayıb?
- Kamranın yaxın qohumları əlaqə saxlayıb, üzrxahlıq ediblər. Ağayevin özündə olmadığını, əsəbi olduğunu deyiblər.
- Onu bağışlamaq olarmı?
- Üzr istəsə, bağışlayaram. Allah bağışlayandırsa, biz kimik ki?