Bu gün Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən 1 il ötür.
Teleqraf.com-un məlumatına görə, sosial şəbəkələrdə hadisə zamanı dünyasını dəyişən 3 yaşlı Məhərrəmova Fərəh Elnur qızının siluetinin əks olunduğu foto geniş yayılıb.
Fərəhin anası Günay Məhərrəmova sözügedən fotoşəkli özünün feysbuk profilində paylaşaraq qeyd edib ki, həmin binada həlak olan uşaqların hər biri ona Fərəh qədər əzizdir:
“Şəkildə Fərəhimin siluetini canlandırıblar. Biz sizi unutmadıq. Bir gün gələcək səbəbkarlar cəzasını alacaq, Allah kimsənin ahını yerdə qoymur. Bəzən bizlər səbr edə bilmirik, amma Allahın səbri genişdir. Bizim körpə mələklərimiz çox xoşbəxtdirlər. Sadəcə bəzən beynimin bilib qəbul elədiyi gerçəkləri ürəyim qəbul eləmək istəmir. Bu ağır yükün altından necə qalxacam bilmirəm, çünki zaman keçdikcə acım azalmır, əksinə artır, daha da alovlanır içimdə, gücüm tükənir, dözümüm qalmır. Bitmək bilməyən 1 il, günəşsiz, soyuq, bumbuz 1 il. Dilimdə isə bircə cümlə var “Allahım, səbir ver, dözüm ver!” Allah bizə səbir versin, çiynimizdəki bu ağır yükü daşıya bilək”.
Kəmalə