19 May 2016 15:35
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən 1 il ötür. Həmin binaya baş çəkdik, yaxınlıqdakı sakinlərdən yanğın zamanı itki vermiş ailələri soruşduq.

Market satıcısı bildirdi ki, ailə üzvünü itirmiş bina sakinləri hərəsi ayrı-ayrılıqda, xeyir-şər evində anım mərasimi keçirir.

Binada yanaraq ölmüş bacı-qardaş – 60 yaşlı Firəngiz, 49 yaşlı Sahib Bağırovların anım mərasimi keçirilən ünvana yollandıq. Qadınların olduğu məclisə Firəngiz Bağırovanın ailə üzvləri və müəllim yoldaşları toplaşmışdı.

Firəngiz Bağırova Bakıdakı 20 nömrəli orta məktəbdə ədəbiyyat müəllimi işləyib.

“Heç olmasa övladları ilə təsəlli tapardılar”

Firəngiz Bağırovanın müəllim yoldaşı Gültəkin Əsgərova ilə söhbətləşdik.

Gültəkin Əsgərova deyir ki, Firəngiz xanımda əsl müəllim keyfiyyəti vardı: “20 nömrəli orta məktəbdə birlikdə çalışırdıq. Firəngiz ədəbiyyat müəllimi idi. Çox işgüzar, peşəsini sevən qadın idi. Məktəbdə ədəbiyyat kabineti yaratmışdı. Ədəbiyyata marağı böyük idi. O, həm də qızım Fidanın müəllimi olub.

Qızım xahiş elədi, onu da müəllimin yasına gətirdim.

Fidan hər gün evə gələndə Firəngiz müəlliməsindən danışırdı. Bir sözü tez-tez deyirdi ki, Firəngiz müəllimə bizdən tələb edir, ədəbiyyat oxuyaq, danışıq qabiliyyətimiz səlis olsun. Qızım müəllimini o dərəcədə sevirdi ki, ədəbiyyat müəllimi olacağını deyirdi...”

Gültəkin Əsgərova deyir ki, insanın həyatda ailəsi-uşağı olsa yaxşıdır: “Qəribə taleli ailədilər. Evdə üç bacı, iki qardaş olub. Heç biri ailə qurmayıb. Firəngiz Bağırova anasına-atasına baxırdı, heç bir xoşbəxtlik görmədi. Anası xəstə oldu, ona baxdı, rəhmətə getdi.

Sonra atası xəstə oldu, uzun müddət onun qulluğunda durdu. Atası da dünyasını dəyişdi. Atasının 40 mərasimi təzə bitmişdi, Firəngiz deyirdi, bir az dincələk, qardaşımızı evləndirəcəyik. Qismət elə gətirdi, həmin 49 yaşlı qardaşı və Firəngiz özü binada yanıb öldülər. Kaş Firəngizində ailəsi və uşaqları olardı. İnaniram ki, Firəngiz cənnətdədir.”.

“Heç birinin telefonuna zəng çatmadı”

Daha sonra Firəngiz və Sahib Bağırovların bacısı İnci bizimlə söhbətləşdi.

İnci Bağırova deyir ki, hər gün binaya baxanda bacısı və qardaşının yanan vəziyyətini xatırlayır: “Hələ də özümə gələ bilmirəm. Üzbəüz binada yaşayırıq. Qardaşım və mən 30 nömrəli binada, Firəngiz və Sahib 36 nömrəli binada yaşayırdılar. İşə getməyə hazırlaşırdım, Firəngizlə telefonla danışdıq.

Üstündən 15 dəqiqə keçmişdi ki, binanın həyətində səs-küy qopdu. Elə bu vaxtı qardaşıma zəngi gəldi ki, eviniz yanır. Qardaşım dedi ki, atamgilin binası yanır. Tez qaçıb gəldik, həmin vaxt telefonlarına neçə dəfə zəng etdik, heç birinə zəng çatmadı”.

Meyitləri blokdan götürüblər

İnci Bağırovanın sözlərinə görə, 2 bacısı və 1 qardaş yanan binada yaşayırmış: “Balaca bacım səhər tezdən işə gedib. Firəngiz məktəbə zəng edib ki, bu gün işim var, gec gələcəm. Qardaşım Sahib də işdə gecə növbəsinə qaldığı üçün icazə alıbmış. Bəlkə də icazə almasaydılar, heç onlar da yanmazdılar.

Yanğından sonra iksinin də meyitini blokdan götürdülər. Evin içində ölməyiblər. Aşağı düşməyə cəhd ediblər, elə blokdaca boğulublar”.

Yas mərasimindən çıxıb yenidən yanan binaya gəldik. Binanın qarşısına uşaq oyuncağı və qərənfillər düzülmüşdü.

Bina sakinləri bildirdilər ki, oyuncaq və qərənfilləri yanğında uşaqları ölən valideynlər qoyublar.

“Binada yaşamaq çətindir”

Hazırda həmin binada yaşayan Ramiz Məmmədəliyev deyir ki, yanğın zamanı Novxanıdan evinə gəlirmiş: “Binəqədi tərəfdən gördüm qara tüstü qalxır. Elə bildim Binəqədi ərazisində nəyisə yandırıblar. Yaxınlaşanda gördüm ki, yaşadığım ev yanır. Oğlumla qızım evdə idilər. Xoşbəxtlikdən onlara heç nə olmamışdı”.

Ramiz Məmmədəliyevin oğlu Ramin deyir ki, bina təmir olsa da, psixoloji cəhətdən burada yaşamaq çətindir: “Binanın 9-cu mərtəbədə oluruq. Mən evdə yatmışdım. Qonşu qapını döydü ki, bina yanır, tez olun düşün aşağı. Liftə minmədik, qaça-qaça düşdük.

Aşağı necə düşmüşəmsə, ayağımın əzilməsini belə hiss etməmişəm. Dəhşətli gün idi, illər keçsə də, həmin gün mənim hafizəmdən silinməyəcək”.

Ramiz Məmmədəliyevin sözlərinə görə, binada təmir işləri 6 ay çəkib: “Həmin müddət kirayədə qaldıq. Pulu dövlət ödədi. Çətin də olsa indi öz evimizdəyik. Bəzi ailələr başqa yerdən ev alıb getdilər”.

Ötən il mayın 19-da Azadlıq prospekti, 200/36 ünvanında yerləşən binada baş verən yanğın nəticəsində 15 nəfər həyatını itirib, 50 nəfər xəsarət alıb. Ölənlərdən 5 nəfəri azyaşlıdır.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər