Yay mövsümü sərinləşdirici içkilərə tələbatı artırır. İsti havalarda orqanizmin su ehtiyacı çoxalır, bu səbəbdən onun qiyməti digər məhsullara nisbətən həmişə əlçatan olub.
Lakin ötən il dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi, dolların bahalaşması bir çox məhsullar kimi qablaşdırılmış suların da qiymətinə təsirsiz ötüşməyib. Müşahidəmizə görə, ayrı-ayrı şirkətlər tərəfindən istehlakçılara satılan qablaşdırılmış suların qiyməti iki dəfəyə yaxın bahalaşıb.
“TAC” şirkətinin yerli bazarda “Aquavita” adı ilə tanınan mineral su brendlərinin qiymətində 35-40 faiz artım var. Məsələn, əvvəl yarım litri 20 əpik olan “Aquavita” suları hazırda 30-35 qəpiyədir. Qablaşdırmada isə üzərində hələ də 20 qəpik yazılır.
Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Şirkətdən suların qiymətinin artdığını təsdiq etdilər, bunu dolların kursunun qalxmasına bağladılar: “Su Azərbaycanda qablaşdırılsa da, avadanlıqlar, qabların özü, etiketlər xaricdən gətirilir. Ona görə qiymətləri qaldırmağa məcburuq”.
Qabların üzərində qiymətlərin dəyişmədiyinə gəlincə, şirkət nümayəndəsi bunu köhnə etiketlərin hələ də istifadəyə yararlı olması ilə izahladı. Bundan başqa, müsahibimiz qiymətlərin satışdakı kimi 40-50 faiz deyil, 10-15 faizində artdığını dedi: “Mağaza sahiblərinin də qiymət əlavəsi faizi yüksəldir. Yəni biz istehsalçı olaraq birdən-birə 50 faizlik qiymət artımına getməmişik”.
Mağazalarda da vəziyyət ürəkaçan deyil. Çünki suyun satışında azalma var. “Qızılgül” marketin ticarət bazası ekspeditoru Rəşad Həsənov deyir ki, fevral ayından bəri qablaşdırılmış formada satılan suyun satışında 50 faizədək azalma var: “Müştərilər özləri də etiraf edirlər ki, çoxları məişətdə artıq kran suyundan istifadə edirlər. Yəni qablaşdırılmış su almağı əlavə xərc hesab edirlər”.
Bununla belə, müsahibimiz bu halın müvəqqəti olduğunu düşünür: “Çünki havalar indi isinməyə başlayıb. Bu da sözsüz ki, tələbata təsir edəcək. Əvvəlki kimi olmasa da, suyun satışı intensivləşəcək”.
Əksər xarici ölkələrdə insanlar qablaşdırılmış suya daha çox üstünlük verirlər. Amma həmin ölkələrdəki qiymətləri Azərbaycanla müqayisə etsək, nə qədər böyük fərqin olduğunu aydın şəkildə görmək olar. Məsələn, Rusiyada 5 litr suyun qiyməti 40 rubl (0.80 qəpik), Qazaxıstanda isə 200 tengədir (0.88 qəpikdir). Türkmənistanda məişətdə işlədilən su pulsuz, içməli suyun isə 5 litri 20 qəpikdir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, sahibkarların məsələni öz xeyrinə həll etməsi təbii qarşılanmalıdır: “Amma birdən-birə 40-50 faizlik qiymət artımına getmək artıq vəziyyətdən sui-istifadədir və buna aidiyyəti qurumlar göz yummalı deyil. Çünki su həyati əhəmiyyətli məhsuldur. Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi satışda olan suların qiymətinin nazirlik tərəfindən deyil, bazar iqtisadiyyatı prinsipinə uyğun olaraq, tələb-təklif əsasında formalaşdığını bəyan edib”.
Ekspert deyir ki, istehsalçılar qablaşdırılma üçün lazım olan ləvazimatları dollarla aldıqları üçün qiymətlərin artdığını deyirlər. Buna görə də qablaşdırma sahəsində lazım olan ləvazimatların yerli istehsalına nail olmaqla vəziyyətdən çıxış yolu tapmaq mümkündür.
Mütəxəssislər insanın su tələbatını maraqlı formulla hesablayırlar. Bildirirlər ki, hər bir insanın su qəbulu ilə bağlı öz norması var. Gün ərzində orqanizmin suya ehtiyacının həcmini dəqiq bilmək üçün bədən ağırlığının hər bir kilosunu 30 milliyə vurmaq lazımdır. Məsələn, 70 kiloqram çəkisi olan insan gün ərzində ortalama 2 -2,5 litr su qəbul etməlidir.
Bu ehtiyac havanın hərarətinə uyğun arta bilər. Orta hesabla hər bir insan gün ərzində 8-10 stəkan su içməlidir. Yay aylarında isə içilən suyun miqdarı daha da artırılsa yaxşı olar.
Orqanizmin su tələbatını portağal, qarpız, yemiş, ayran, qazlı su, limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkilərlə də ödəmək olar: Ancaq bunlar suyu tam əvəz etmir. Fiziki fəaliyyətlə məşğul olanlar isti havalarda daha çox su içməlidirlər. Bu miqdar 3 litrə çatdırıla bilər.
Naibə QURBANOVA