Azərbaycanda vakant dövlət qulluğu vəzifəsinə qəbul olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılacaqlar.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Dövlət qulluğu haqqında" qanuna edilməsi nəzərdə tutulan yeni dəyişikliklərdə öz əksini tapır.
Yeni layihəyə görə, bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin ediləcəklər. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılacaq.
Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmayacaq.
Qeyd edək ki, hazırkı qanuna görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış şəxslər müvafiq icra hakimiyyəti orqanında ehtiyat kadr kimi saxlanılır.