25 May 2016 16:14
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 may – Beynəlxalq itkin düşmüş uşaqlar günüdür. Bu tarix dünyanın bir çox ölkələrində qeyd olunur.

Teleqraf.com bildirir ki, hər il dünyada minlərlə uşaq itkin düşür. Onların əksəriyyətinin taleyi ümumiyyətlə, bəlli olmur. Araşdırmalar göstərir ki, bütün dünya üzrə itkin düşən uşağın izini ən çox orqan mafiyasında axtarır. Çünki orqan mafiyası yiyəsiz uşaqlarla daha çox maraqlanır. Ən gəlirli, qeyri-qanuni biznes sayılan orqan mafiyasının uşaqları hədəf seçməsi isə onların əzalarının “bazar”da sürətlə və yüksək qiymətə satılmasıdır.

Azərbaycanda azyaşlı uşaqların parklardan, alış-veriş məkanlarından qaçırılması halları yox dərəcəsindədir. Bu səbəbdən körpə uşaqların itkin düşməsi halları demək olar ki, yoxdur. İtkin düşən azyaşlı təbəqə əsasən məktəblilərdir.

Mayın 24-də azyaşlı qızın evdən müəmmalı şəraitdə getməsi və itkin düşməsini buna misal göstərmək olar.

Ramana qəsəbəsi, Südçülük sovxozu, yeni massivdə yaşayan Ramil Tağıyev polisə ərizə ilə müraciət edərək 2007-ci il təvəllüdlü qızı Nərmin Tağızadənin evdən çıxaraq qayıtmadığını bildirib. Polis Nərmin Tağızadəni Yasamal rayonu ərazisində taparaq ailəsinə təhvil verib.

Xətai rayonunda isə 15 yaşlı Asiman Həsənov və 13 yaşlı Samir İlham oğlu Nəsirovun evdən çıxaraq bir daha geri qayıtmamaları ilə bağlı bir neçə gün əvvəl polisə məlumat daxil olub. Onlarda qisa zamanda tapılaraq ailəsinə təhvil verilib.

Bu ilin mayın 10-da Sabunçu rayonundakı Şuşa şəhərciyində uşaq oğurluğu baş verib. Şəhərcikdə yaşayan Elnur Ramazanlı 12-ci polis bölməsinə müraciətlə bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb.

Aparılmış araşdırmalardan sonra bəlli olub ki, özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs Elnur Ramazanlının mobil telefonuna dəfələrlə zəng edərək oğlu Hüseyni girov götürdüyünü deyib. O, uşağın azad edilməsi müqabilində 30 min manat pul tələb edib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi müavini Ehsan Zahidov Teleqraf.com-a bildirib ki, Azərbaycanda azyaşlıların itkin düşməsi ilə bağlı statistika aparmaq mümkün deyil. Onun sözlərinə görə, azyaşlı itkin düşür və qısa müddətdə tapılır: “Azərbaycan ən sakit ölkədir və azyaşlıların qorxulu itkin düşməsi ilə bağlı hər hansı hadisə qeydiyyata alınmayıb. Valideynlər uşaqlarını sahibsız buraxmasa, gündəlik belə itkin düşmə halları da baş verməz”.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev bildirib ki, azyaşlı və yeniyetmələrin itkin düşməsi ilə bağlı statistikanı polis aparmalıdır. Nazir Quliyevin sözlərinə görə, təmsil etdiyi qurumda itkin düşmə ilə bağlı statistika yoxdur.

O deyib ki, azyaşlı və yeniyetmələrin itkin düşməsi ilə bağlı dövlət orqanları ilə müzakirələr aparırlar və bir çox maarifləndirici tədbirlər keçirirlər: “Azərbaycanda adətən, uşaqların evdən gedib-gəlmələri hallarına rast gəlinir. Bu da onların qısa müddətdə tapılması ilə nəticələnir”.

Nazir Quliyev qeyd edib ki, uşaqlar arasında itkin düşənlər ən çox məktəbdən yayınanlar olur. Ümumiyyətlə, itkin düşən adam 5 il ərzində tapılmadığı halda ölmüş şəxslər sırasına daxil edilir.

Nazir Quliyev hesab edir ki, uşaqların yaş dövrünə uyğun onların üzərində nəzarət olmalıdır.

Beynəlxalq itkin düşmüş uşaqlar günü (International Missing Children’s Day) ilk dəfə ABŞ-da qeyd olunub. 1979-cu il mayın 25-də məktəbdən evə qayıdan altıyaşlı Evian Peyts yolda itkin düşür. Bütün dünyanı axtarsalar da uşaq tapılımır.

Dörd il sonra o zamankı ABŞ prezidenti Ronald Reyqan bu günün milli səviyyədə qeyd edilməsi haqda göstəriş verir.

2010-cu ildən 25 may Beynəlxlaq itkin düşmüş uşaqlar günü kimi tarixə düşür.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər