30 May 2016 11:14
52 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənan Mehdiyev: “Bizə qarşı sürülən ittihamlar əsassızdır”

Ötən ilin martın 17-də “StarMed” klinikasında burnundan əməliyyat olunan 18 yaşlı Mürsəlova Leyla Namiq qızının ölümündə günahkar sayılan həkim Sənan Mehdiyev haqqında deyilənləri təkzib edib.

Bu barədə həkim Sənan Mehdiyev Teleqraf.com-a açıqlama verib.

50 mindən bir insan…

Leylanı əməliyyat edən cərrah Sənan Mehdiyev deyir ki, 1 il 2 ay müddətində Kütləvi İnformasiya Vasitələrində danışmamasının səbəbi istintaq prosesinin yekunlaşmasını gözləməsi olub: “Gözlədim ki, istintaq yekunlaşsın, ekspertlər öz rəyini bildirsin və məsələ ilə bağlı danışım. İlk onu deyim ki, indiyə kimi 12 mindən çox əməliyyat etmişik. Bu, yeganə hadisədir ki, ölüm halı baş verib. Bu hadisədə də ölümə səbəb cərrahi əməliyyat deyil, narkoz dərmanlarına qarşı baş verən ağırlaşma səbəb olub. Yəni anestezioloji ölüm baş verib. Başqa sözlə desək, əməliyyat burunda yox, qarında, gözdə və sairə orqanlarda olsaydı da belə, eyni ağırlaşma ola bilərdi. Məhz buna görə də aparılan tibbi ekspertizanın məqsədi - ağırlaşmanın nə olduğunu və həkimlərin səhvinin olub-olmadığını təyin etmək idi”.

Cərrah deyir ki, tibbi ekspertiza aparılıb və məlum olub ki, ölümə "bədxassəli hipertermiya" səbəb olub: “Bu, çox nadir rast gəlinən (50 mindən bir adamda) bir patologiyadır və həkimin səhvi sayılmır. Çünki bunu nə əvvəldən təyin etmək, nə də ki qarşısını almaq olur. Bu zaman bədən temperaturu 43-44 dərəcəyə qədər qalxır və əzələ lifləri parçalanmağa başlayır. Nəinki Azərbaycanda eləcə də, dünyada bu ağırlaşma əksər hallarda ölümlə nəticələnir. Bu ağırlaşma əməliyyatın sonlarına yaxın baş verdi. Narkoz həkimi dərhal tədbir görməyə başladı və köməyə Eksperimental xəstəxananın Kardocərrahiyyə şöbəsinin anestezioloqu çağırıldı. O, da bu ağırlaşmanın bədxassəli hipertermiya olduğunu təsdiqlədi”.

Xəstə yaxınlarının ekspertizanın nəticələri ilə razılaşmadığını bildirən Sənan Mehdiyev deyir ki, 4 dəfə təkrar ekspertiza aparılıb: “Hər dəfə də yoxlamaya yeni ekspertlər cəlb olundu. Bundan əlavə xəstənin atası hərbçi olduğu üçün tanıdığı hərbi ekspertlərin iştirakı ilə təkrar ekspertiza istədi. Onların bu istəyi də təmin olundu və hətta hərbi ekspertlər də ölümün bədxassəli hipertermiyadan baş verdiyi təsdiqləndi”.

“Öləndən sonra əməliyyat ediblər”, “ürəyi partlayıb”...

Həkimin sözlərinə görə, hadisə ilə bağlı yanlış məlumatlar söylənilir: “Guya “həkimlər əməliyyat otağını dəfələrlə tərk ediblər”, “öləndən sonra əməliyyat ediblər”, “trubkayla boğazını cırıblar”, “qabırğalarını sındırıblar”, “ürəyi partlayıb” və s.

Bunlar əsası olmayan fikirlərdir. Heç bir ekspert tərəfindən belə hal müəyyən olunmayıb. Bu cür yazılar yazmaqda məqsəd hadisəyə məsuliyyətsizlik, səhlənkarlıq donu geyindirməkdir. Həmçinin, istintaqın məsuliyyətsiz aparıldığı iddia olunurdu. Halbuki, istintaq 1 ildən çoxdur ki, tam ciddiyyəti ilə aparılıb, dəfələrlə təkrar ekspertizalar keçirilib. Ən xırda vəsadətləri də təmin olunub, valideynlərin daha yüksək instansiyalara şikayətləri əsasında bu iş daim ciddi nəzarət altında olub. Bu araşdırmanın nəticəsi olaraq 2016-cı ilin aprel ayında həkimlərin fəaliyyətində nöqsan aşkar edilmədiyi üçün Yasamal Rayon Prokurorluğu tərəfindən istintaq işinə xitam verilib”.

“Ekspertizanın nəticələrinin Türkiyəyə, Kanadaya və s. göndərilməsini təklif etdik”

Həkimin sözlərinə görə, Leylanın ürəyində problemin olduğu ona deyilməyib: “Xəstə ilk dəfə 20 fevralda qəbula gəlib. O zaman Leyla və valideynləri ilə burun əməliyyatı haqqında ətraflı danışdıq. Onlar getdikdən sonra digər xəstənin qəbulu zamanı atası qapını açıb bildirdi ki, həkim, bəs bayaq demək yadımdan çıxdı, qızımın ürəyində prolapsı var. Mən də dedim ki, bu, əməliyyatda adətən problem yaratmır, amma analizə gələn günü bunu mənə xatırladın ki, sizi digər analizlərə yönləndirim. Ancaq onlar 18 gündən sonra (9 mart) analizə gələn günü bunu mənə xatırlatmadılar. Biz ümumi qayda olaraq xəstənin qan analizlərini, elektro-kardioqrammasını və USM etdik. Ürəyin prolapsını göstərmək üçün exo-kardioqramma etmək lazımdır. Bu isə hər adama edilmir. Yalnız ürəyində hər hansısa bir problemləri olan xəstələri yönəldirik. Müayinə günü də bu haqda məlumat verilmədiyinə görə xəstə exo-kardioqrammaya göndərilməmişdi. Bunu digər xəstələr də təsdiqləyə bilər ki, ürəyindən hər hansı şikayəti olan xəstəni biz dərhal exo-kardioqramma müayinəsinə göndəririk. Məntiqlə fikirləşsək, həkimin xəstəni ehtiyacı olan müayinədən yayındırmağa heç bir marağı yoxdur. Onu da, qeyd edim ki, xəstənin ürəyində olan prolaps problemi əməliyyata əks göstəriş deyil. Ölümün səbəbi də bu olmayıb. Sadəcə hər şeyi həkimin üzərinə yıxmaq da düzgün deyil. Xəstənin problemini valideyn həkimə deməlidir ki, həkim də bu barədə məlumatlı olsun və onun digər analizə göndərsin”.

Cərrah deyir ki, valideynlərə ekspertiza nəticələrini xarici ölkələrə göndərilməsi də təklif edilib ki, paralel olaraq, digər ölkələrdə də bu müayinələr yoxlanılsın, daha obyektiv qərar verilsin, hətta bunun maddi tərəfini qarşılamağı da öz boynumuza götürdük:
“Leylanın əmisi Kanadada yaşadığından, nəticələrin ora göndərilməsinin mümkünlüyünü də bildirdik. Məqsəd işin daha obyektiv olması üçündür. Düşünməsinlər ki, biz yerli ekspertizaya təsir edərək, hər hansı nəticəyə nail olacağıq. Amma Leylanın valideynləri tərəfindən bu işə maraq göstərilmədi. Onlar yerli ekspertizanın cavabını gözlədiklərini dedilər”.

Əməliyyat aparatları da ekspertiza olunub...

Valideynlərin aparatların da ekspertizasını istədiklərini bildirən həkim deyir ki, Ədliyyə Nazirliyi tərəfindən əməliyyatda istifadə olunan bütün aparatlar da yoxlanılıb: “Onlarda da bir problem müəyyən olunmadı”.

Sənan Mehdiyev sonda qeyd edib ki, heç bir həkim istəməz ki belə bir hal baş versin: "Allah rəhmət eləsin! Amma bilmək lazımdir ki, yalnız bizdə deyil, dünyanın hər bir yerində cərrayihədə belə hadisələr qaçılmazdır. Hətta əməliyyatdan öncə bütün tədbirlər düzgün görüldüyü halda belə, yenə də ağırlaşma baş vermə ehtimalı var".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər