Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirli bilinən Tamaşa Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 10-da Bakıxanov qəsəbəsi, Sülh küçəsində 31 yaşlı Vüsal Səmədov bıçaqlanıb. Bıçaq xəsarəti alan Vüsal Səmədov özü xəstəxanaya gəlib. Müayinə zamanı yaralıda bir bıçaq xəsarəti aşkarlanıb.
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. Dindirmələr zamanı Vüsal Səmədov onu bıçaqlayan şəxsi tanımadığını bildirib.
Amma istintaq araşdırması zamanı cinayətin Vüsal Səmədovun tanışı Tamaşa Hüseynova tərəfindən törədilməsi müəyyən olunub. Tamaşa Hüseynova polis əməkdaşları tərəfindən həbs edilib.
Tamaşa Hüseynova Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Tamaşa Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 3 il sınaq müddəti olmaqla azadlığa buraxılıb.
Hacı Zeynalov