Salyan rayonunda 3 gün öncə baş verən qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 5-də baş verib.
Polis və prokurorluq orqanları əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Elçin Babayevi qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi Seymur Quliyev tutulub.
Məlum olub ki, sentyabrın 5-də rayon sakini, 40 yaşlı Elçin Babayev öz evində balta ilə öldürülüb. Bundan ilk xəbər tutan mərhumun bacısı Rüxsarə olub. Evə gələn Rüxsarə qardaşının gicgah nahiyəsində balta saplanmış vəziyyətdə görüb. Hüquq-mühafizə orqanlarını da o məlumatlandırıb.
Hadisə yerinə baxış keçirən əməliyyatçılar Elçinin baş nahiyəsindən bir neçə zərbə aldığını müəyyənləşdiriblər.
4 il məhkumluq həyatı yaşayan Elçin Babayev 20 gün əvvəl həbsxanadan azadlığa buraxılıb. Elçin Babayevi qətlə yetirən Seymur Quliyev də məhkumluq həyatı yaşayıb.
İstintaq araşdırması zamanı baş verən qətlin bəzi səbəbləri məlum olub.
Qətl hadisəsi baş verən günü günorta saatlarında Elçin Babayev qonşuluqda yaşayan həmyaşıdı Seymur Quliyevlə içki məclisi qurub. Yeyib-içən qonşuların söhbəti bir-birinə xoş gəlməyib. Onların arasında əvvəlcə mübahisə, daha sonra dava baş verib. Dava sonda qətl hadisəsi ilə nəticələnib.
Məlumata görə, Seymur Quliyev də narkomaniyadan əziyyət çəkir. O, Seymur Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.
İstintaq ifadə verən Seymur Quliyev törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, hadisəni törədən zaman içkili olub.
Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov