Dələduzluqda ittiham olunan Astara rayon Şiyəkəran kənd sakini, 1972-ci il təvəllüdlü Fəxriyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Fəxriyyə Hüseynova 1 oktyabr 2015-ci il tarixdə, saat 10.00-da Qazax şəhər H.Əliyev prospektində yerləşən qızıl mağazasına gəlib. O, mağaza sahibi Oktay Kazımova yaxın vaxtlarda toy edəcəyini, bu məqsədlə aldığı qızılı evə apararaq ərinə göstərdikdən sonra pulunu gətirəcəyini bildirib.
Fəxriyyə Hüseynova Oktay Kazımovu inandıraraq etibarını qazanıb və bir ədəd 13,6 qram çəkidə 550 manat dəyərində qızıl sırğa, üzük, bir ədəd 15 qram çəkidə 550 manat dəyərində briliyant qaşlı boyunbağı, bir ədəd 3 qram çəkidə 150 manat dəyərində qızıl kişi üzüyü, bir ədəd 10 qram çəkidə 500 manat dəyərində qızıl boyunbağını götürüb.
Fəxriyyə Hüseynova zinət əşyalarını evinə apardıqdan sonra vədinə əməl etməyib. O, aldatma yolu ilə Oktay Kazımovun 1750 manat dəyərində əmlakını ələ keçirib.
Bundan başqa Fəxriyyə Hüseynova həmin gün, eyni üsulla digər qızıl satıcısı Minayə Məmmədovanı aldadıb. Fəxriyyə Hüseynova mağazanın satıcısından bir ədəd 45 qram çəkidə 1450 manat dəyərində qızıl boyunbağı və bir ədəd 10 qram çəkidə 550 manat dəyərində qızıl qolbağını götürərək gedib. O, Minayə Məmmədovaya 2000 manat dəyərində ziyan vurub.
Oktyabrın 6-da, saat 09.00 radələrində Fəxriyyə Hüseynova qeyri-rəsmi nikah münasibətində olduğu Qazax rayon Canallı kənd sakini Nazim Hüseynova qarşı da dələduzluq edib. O, Nazim Hüseynova məxsus bir ədəd 10 qram çəkidə, 200 manat dəyərində qızıl üzük, bir ədəd 10 qram çəkidə, 200 manat dəyərində qızıl üzük, bir ədəd 10 qram çəkidə, 200 manat dəyərində qızıl üzük, bir ədəd 200 manat dəyərində “Kreker” markalı avtomobil yuyan aparat və bir ədəd 100 manat dəyərində “Soni” markalı fotoaparatı götürüb.
Fəxriyyə Hüseynova Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.
Qazax rayon Məhkəməsinin hökmü ilə Fəxriyyə Hüseynova 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fəxriyyə Hüseynova apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Bayramovun sədrlik etdiyi prosesdə araşdırılıb.
Fəxriyyə Hüseynova apelyasiya şikayətində göstərib ki, heç kəsi aldatmaq fikri olmayıb, heç kimə qarşı dələduzluq etməyib.
O, şikayətində qeyd edib ki, qızılları götürməkdə məqsədi birinci həyat yoldaşından olan oğluna toy etmək olub. Lakin sonradan oğlu xəstələndiyi üçün toy edə bilməyib. Həmin qızılları sataraq oğlunun müalicəsinə xərcləyib.
Fəxriyyə Hüseynova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Prosesdə iştirak edən prokuror Fəxriyyə Hüseynovanın əməlindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin xaric edilməsini istəyib. Bildirib ki, təqsirləndirilən şəxsin əməlində həmin maddənin tərkibi üzrə ittiham yoxdur.
Prokuror əlavə edib ki, Fəxriyyə Hüseynovanın ona qarşı irəli sürülən digər ittihamlarla nəzərdə tutulan əməlləri törətməsi isə sübut olunub: “Onun təqsirli olması özünün ifadələri ilə yanaşı, həmçinin istintaq orqanının topladığı çoxsaylı sübutların məcmusu ilə tamamilə təsdiqini tapıb. Təyin edilən cəza işin hallarına, əməlin ictimai təhlükəliliyinə, məhkumun şəxsiyyətinə tam uyğundur”.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Fəxriyyə Hüseynovanın apelyasiya şikayəti təmin edilməyib. Amma onun barəsində çıxarılan hökm dəyişdirilib.
Fəxriyyə Hüseynovanın barəsində olan Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi hökmdən xaric edilib.
Təyin edilmiş cəza hissəsində hökm dəyişdirilməyib.
Hacı Zeynalov