Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesin təxirə salınmasına səbəb vəkillərin məhkəməyə gəlməməsi olub.
Məhkəmənin növbəti iclası noyabrın 8-nə təyin edilib
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə təqsirləndirilən şəxslərdən birinin vəkili - Məzahir Səmədov gəlməyib.
Hakim bildirib ki, vəkilin iştirakı olmadan proses keçirilə bilməz: "Məzahir müəllim deyir ki, 4 dəqiqəyə çatıram. 4 dəqiqə 44 dəqiqə olub, hələ də məhkəməyə gəlməyib. Belə halda proses davam edə bilməz".
Prosesdə fasilə elan olunub.
Fasilədən sonra şahid qismində Hüseynbala Əlizadə ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Hüseynbala Əlizadə bildirib ki, 2007-ci ildən “Qlobal Stone” və “Global Construction” MMC-də təsisçi olub. 2015-ci ilədək şirkətdə 50 faiz səhimdar olub: "İşləri təyin edilmiş direktorlar şurası görürdü. Miryusif Mahmudov mənim xəbərim olmadan direktorlar şurasına tapşırıq verməyib".
O ifadəsində bildirib ki, Miryusif Mahmudovla başqa şirkətlərdə də təsisçi olubalar. Şahid qeyd edib ki, 2011-ci ildə fasadların üzlənməsindən ötrü materal hazırlayan fabrik açılıb: "Materialları Türkiyədən alırdıq".
Hüseynbala Əlizadənin sözlərinə görə, poliüretan materialları yanmaya davamlı idi: "Binanın yanmasına səbəb alkaponlar arasında boşluqdur. Gözümlə görmüşəm ki, poliüretan yanmır".
Zərərçəkmiş Xəyyam Babayev ifadəsində bildirib ki, hadisə vaxtı işdə yox, evdəymiş: "Pəncərədən baxdım ki, tüstü gəlir. Həyətə düşdüm, qeyri-yaşayış sahəsində yanğın gördüm. Ora polislər toplaşmışdı. Evdə körpə uşaq vardı, evə qayıydım və uşaqları götürüb aşağı düşdüm".
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyini deyən zərərçəkmiş bildirib ki, barəsində xoşagəlməz ifadələr işlədilir: "2012-ci ildən həmin binada yaşayıram, özüm də zərərçəkmişəm. Guya binada baş vermiş yanğında mənim adımla hallandırırlar. Deyirlər, yanğın zamanı binada özünü atan şəxsi mən tanıyıram. Halbuki binadan özünü atan şəxsi mən tanımıram".
Xəyyam Babayev qeyd edib ki,növbətçilik sistemi ilə işləyirmiş: "Həmin gün gecə növbədən çıxıb evdə dincəlirdim".
İstintaq zamanı yanğını dəqiqliklə göstərməsini Xəyyam Babayev belə izah edib: "Tüstü hiss edən kimi hadisə yerinə yollandım. Tüstü gələn istiqamətə getdim və yanğın baş verdiyini gördüm. Hadisənin şahidi olmuşam. Buna görə də baş verənləri dəqiqliyi ilə göstərmişəm. Qısa zamanda materalın arasından tüstü çıxırdı. Buna görə də yanğının materialdan baş verdiyini bildim".
Şahid Xəyyam Babyev qeyd edib ki, uşağını maşını ilə oradan uzaqlasdırıb və təxminən 2-3 saatdan sonra yanan binanın yanına qayıdıb: "Özünü binadan atan şəxsi görməmişəm, həmin hadisənin şahidi olmamışam".
Şahid ifadəsində qeyd edib ki, hazırda Dövlət Təhlükəsizlik Xidmətində işləyir. Onun sözlərinə görə, binada təhlükəsizlik kamerasının quraşdırıldığını bilməyib. O, binanın üzlənməsi zamanı sakinlərin narazılıq etməsindən də xəbərsiz olduğunu deyib.
Daha sonra şahid Nəsimi Mehdiyev ifadə verib. Bildirib ki, “Qlobal Stone” MMC və “Global Construction” MMC-də baş mühəndis işləyib, binaların üzlənməsində istifadə olunan materallara nəzarət edib. O, materalların keyfiyyətli olduğuni və Türkiyədən gətirildiyini deyib.
Şahidin sözlərinə görə, şirkətin təsisçisi Miryusif Mahmudovu əvvəllər görməyib. Çünki işçilərin şirkət təsisçiləri ilə ünsiyyəti olmayıb.
Hakim bildirib ki, şahid ibtidai istintaqa fərqli ifadə verib. Hakim ziddiyyətin səbəbini şahiddən soruşub. Şahid ziddiyyətili ifadəni izah edə bilməyib.
Miryusif Mamudovun vəkili İlhamə Həsənova məhkəmədə şahidə təzyiq göstərildiyini söyləyəndə hakim bildirib ki, şahidə təzyiq göstərilmir, ziddiyyətli ifadələr araşdırılmalıdır: "Çünki sonda həmin ifadələrə qiymət verəcəm. Şahid ifadəsindəki ziddiyyəti izah etməsə, onun barəsində cinayət işi başlanılmalıdır".
Şahid Rizvan Mehdiyev bildirib ki, “Global Construction” MMC-də poliüretanların hazırlanmasında iştirak edib. Onun sözlərinə görə, materallar oda davamlı olub.
Prosesdə yarım saatlıq fasilə elan edilib.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Hacı Zeynalov