Çay evində qətl törətməkdə təqsirləndirilən Vüqar Şirinovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçən prosesdə prokuror Vüqar Şirinovun 20 il müddətinə həbs edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini istəyib.
Proses noyabrın 16-da davam edəcək.
İttihama görə, qətl ötən il martın 6-da axşam saatlarında Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov güllələnib.
Murad Qubadov tanışı Vüqar Şirinova borc pul verib. Bir müddət sonra o, Vüqar Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib.
Pulu qaytara bilməyən borclu isə vaxt istəyib. Lakin həmin müddətdə də borcu qaytara bilməyib.
Hadisə günü Murad Qubadov yenidən Vüqar Şirinova zəng vuraraq borcunu tələb edəndə, mübahisə yaranıb. Vüqar Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olub, 3 atəş açaraq Murad Qubadovuqətlə yetirib, hadisə yerindən qaçıb.
Polis əməkdaşları hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngini götüblər.
Qatil hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçıb, onlarla vidalaşaraq könüllü şəkildə Ağsu rayon Polis İdarəsinə təslim olub. O, Nəsimi Rayon Polis İdarəsininin 19-cu polis bölməsinə əməkdaşlarına təhvil verilib.
Hacı Zeynalov