Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə İmran Bədirov ifadə verib. O, bildirib ki, qətlə yetirdiyi Əzizulla Məmmədovu Qusar şəhərində tanıyıb.
“Pul verməyəndə məni vururdu”
Qusar şəhərində pinəçiliklə məşğul olduğunu deyən İmran Bədirovun sözlərinə görə, mərhumla şəxsi düşmənçiliyi olmayıb: “Əzizulla tez-tez pinəçilik etdiyim yerə gəlib-gedirdi. Mənim ona qarşı düşmənçiliyim, onu öldürmək niyyətim olmayıb. Belə niyyətim olsaydı, elə sexdə çəkiclə başından vurub öldürərdim. Hadisə təsadüfən baş verdi”.
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, hadisə günü Əzizulla onun pinəçilik etdiyi sexə gəlib: “Dedi ki, kafeyə gedək, yeyək-içək. Mən də ondan qorxurdum, nə deyirdi, onu da yerinə yetirirdim. Çünki Əzizullanın idmançı bədəni vardı, fiziki cəhətdən də məndən güclü idi. Həmişə məndən pul tələb edirdi, pul verməyəndə məni vururdu. Onun sözüylə kafeyə getdik. Qusar rayonunun mərkəzi bazarında yerləşən “Sürücü” kafesində Sadiq və Əzizulla ilə birlikdə yeyib-içdik. Əzizulla əvvəl də haradasa yeyib-içmişdi, ona görə möhkəm sərxoş idi”.
“İpi çıxarıb boğazına doladım”
İmran Bədirov qeyd edib ki, “Sürücü” kafesində yeyib-içəndən sonra birlikdə “Çoban dərəsi” adlanan ərazidəki “Şimal” kafesinə gəliblər: “Orada çay içməyə başladıq. Bu zaman Əzizulla stolları dağıtdı, səs-küy salmağa başladı. Daha sonra Sadiqlə mən taxıl biçdirmək üçün kombayn dalınca kafedən çıxdıq. Bu zaman Əzizulla da arxamızca düşdü. Kombayn gətirmək üçün 12 kilometr məsafə getməli idik. Buna görə taksiyə əyləşdik. Sadiq maşının qabaq, mən isə arxa oturacağına oturdum. Əzizulla da maşına mindi.
Maşın hərəkətdə olanda Əzizulla səs-küy salır, təhqiramiz ifadələr işlədirdi. 2-3 kilometr getmişdik ki, maşından düşdük. Daha maşınla getmək istəmədiyimizi bildirdik. Bu vaxt Əzizulla da maşından düşdü. Bizimlə birlikdə maşına əyləşmiş Fərrux adlı şəxs isə düşmədi, taksi sürücüsü onu apardı.
Əzizulla yenə söyüş söyməyə başladı. Sonra biz kombayn axtarmaq məqsədilə Samur-Dəvəçi kanalının yanına gəldik. Əzizulla orada da söyüşə, təhqirə davam edirdi. Pinəçi olduğum üçün cibimdə həmişə ip olurdu. Cibimdən ip çıxararaq onun boğazına doladım və özümə tərəf sıxmağa başladım. Əzizulla özünü itirərək yerə yıxıldı. Sərxoş idim, özümdə deyildim... Sonra Sadiqlə yola çıxdıq. Yolda maşın olmadığı üçün 2 kilometr piyada getdik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Əzizullanın öldüyünü ertəsi gün eşidib.
İmran Bədirov məhkəmədə istintaqa verdiyi ifadəsinin bəzi hissələrini təsdiq etməyib. Bildirib ki, cinayəti törətmək üçün əvvəlcədən Sadiq Əmiraslanovla plan qurmayıb: “Buna görə də istintaqa verdiyim ifadəmin bir çox hissəsi ilə razı deyiləm. Müstəntiq nə deyib, ona da imza etmişəm. İstintaqa verdiyim ifadəmi oxumadan imzalamışam”.
“3 il idi hər gün məndən pul tələb edirdi”
Daha sonra İmran Bədirov dövlət ittihamçısının suallarını cavablandırıb.
O, bildirib ki, Əzizulla Məmmədovu 20, Sadiq Əmiraslanovu isə 5 ildir tanıyır: “Həmişə bir yerdə içki məclisində olmuşuq. İçki məclisində pulunu ya mən, ya da Sadiq verdirdi. Əzizulla bir yerdə işləmirdi, ona görə pulu olmurdu. 3 il idi hər gün məndən pul tələb edirdi. Ona pul verməyəndə məni döyürdü. Bu barədə onun qardaşına da demişdim. Bu səbəbdən 2-3 dəfə ona iş də tapmışdım ki, məndən əl çəksin. Amma işləmirdi, məndən də əl çəkmirdi. Sahə müvəkkilinə də şikayət etmişdim. O da bir tədbir görmədi. Əzizulla tüfeyli həyat tərzi keçirirdi, ona-buna sataşırdı. Bir gün kimsə onu vuracaqdı, bu da bizim başımızda çatladı”.
İmran Bədirov suallara cavab verən zaman daha sonra əlavə edib ki, Əzizulla Məmmədovu öldürmək niyyəti olmayıb: “Həmişə ondan uzaq dayanırdım. Amma Əzizulla bizdən əl çəkmirdi, elə bil əcəli çatmışdı. Biz hara gedirdik, o da gəlirdi. Hadisə baş verən günü də bizdən əl çəkmədi, deyirdi ki, araq içək. Biz az içirdik, o, çox içirdi”.
“İçki ailəsini dağıtdı”
Zərərçəkmiş şəxsin hüquqi varisi Eynulla Məmmədov bildirib ki, mərhum Əzizulla onun qardaşıdır.
Qardaşının əvvəllər ayrı-ayrı vaxtlarda 3 dəfə məhkumluq həyatı yaşadığını deyən Eynulla Məmmədov bildirib ki, sonuncu dəfə qardaşı 4,6 ay məhbəsdə olub: “Qardaşım o qədər də tərifli insan deyildi. Yaxşı və pis cəhətləri vardi. İçməyəndə yaxşı olurdu, içəndə üzünü görmək mümkün deyildi. İçki içəndə özünü apara bilmirdi. İçki onun ailəsini dağıtdı, ailəsi Rusiyaya köçdü”.
Eynulla Məmmədov qeyd edib ki, baş verən qətl hadisəsini şahidi olmayıb: “Hadisə baş verən günü polislər gəldi, bildirdilər ki, Əzizullanı öldürüblər. Hadisədən sonra bildim ki, qardaşımı İmran və Sadiq öldürüb. Hadisədən 2-3 ay əvvəl İmran yanıma gəlmişdi, deyirdi ki, Əzizulla onu incidir. Mən qardaşıma bir söz deyə bilməzdim. Bu şəxslərin ailələri ilə hər hansı düşmənçiliyimiz yoxdur. Təqsirləndirilən şəxslərdən də şikayətçi deyiləm. Qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini istəyirəm”.
Daha sonra prosesdə şahid qismində Sevdar Piriyev ifadə verib. O, bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur, təqsirləndirilən şəxsləri və mərhumu maşını ilə “Çoban dərəsi” adlanan ərazisindəki “Şimal” kafesinə, sonra isə oradan aparıb: “Yolda mərhumla təqsirləndirilən şəxslər zarafatlaşırdılar. Onların arasında təhqiramiz ifadələr işlədilmirdi. Çox mehriban idilər. 15 dəqiqə sonra maşını saxlatdılar, üçü də maşından düşdü. Mən oradan getdim, ertəsi gün eşitdim ki, Əzizulla öldürülüb”.
Proses noyabrın 18-də davam edəcək.
Rəsmi ittihamda hadisə belə nəql olunur:
Hadisə bu il iyunun 23-də Qusar rayonunun Kuzunqışlaq kəndində baş verib. Əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.
Qusar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar. Müəyyən edilib ki, İmran Bədirov dostu Sadiq Əmiraslanovla Qusar rayonunun mərkəzi bazarında yerləşən "Sürücü" kafesində yeyib-içiblər.
Sərxoş dostların yadına digər dostları Əzizulla Məmmədovun söyüş söyməsi düşüb. Hesab ediblər ki, Əzizulla bu söyüşləri işlətməklə onların şəxsiyyətini alçaldıb.
Bu səbəbdən İmran Bədirov və Sadiq Əmiraslanov Əzizullanı öldürmək qərarına gəliblər. Onlar Əzizullanı “VAZ-2107” markalı maşına mindirərək “Çoban dərəs” adlanan ərazisindəki “Şimal” kafesinə gətiriblər. İki dostun məqsədi Əzizullanı içirdərək sərxoş etmək olub.
Onlar kafedə içki məclisi qurublar. Bilərəkdən içki içməyən iki dost şərait yaradıb ki, Əzizulla daha çox spirtli içki qəbul etsin. Əzizullanın sərxoş olduğunu görəndə niyyətlərini həyata keçirmək qərarına gəliblər. İmran Bədirov kafenin arxasına keçərək ip götürüb, ilgək vuraraq cibinə qoyub. Onlar Əzizullanı Samur-Dəvəçi kanalının yanına gətiriblər.
Orada Sadiq Əmiraslanov sərxoş olan və müqavimət göstərə bilməyən Əzizulla Məmmədovu döyüb, İmran Bədirov isə ipi onun boğazına keçirərək boğub. Əzizulla hadisə yerində ölüb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.
Hacı Zeynalov