11 Yanvar 2017 12:59
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik maddə satmaqda təqsirləndirilən Cəlilabad rayon sakini Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktını oxuyub.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.

Toğrul Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsilə ittiham edilir.

İfadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ümumiyyətlə narkotik maddə alverçisi olmadığını, polislər tərəfindən şərlənərək həbs edildiyini deyib.

Toğrul Əsgərov basketbolçu olduğunu bildirib: "Ölkənin bir-neçə basketbol klublarında oynamışam. "Qala" basketbol klubunun üzvü olmuşam. Həbs olunan günü evimizdə təmir işləri aparılırdı. Mən də işə getməyə hazırlaşırdım. Evə 6-7 nəfər mülki geyimdə polis girdi və məni tutaraq apardılar. Həbs olunana kimi tikintidə nəzarətçi işləmişəm".

Toğrul Əsgərov istintaqa verdiyi ifadəsini təsdiqləmıyib. Bildirib ki, narkotik vasitənin Biləsuvardan alması barədə istintaqa verdiyi ifadəsi düzgün deyil: "Həmin ifadəmlə istintaq təcridxanasında olduğum vaxt tanış olmuşam".

Proses yanvarın 18-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər