Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakim Həbib Həsənovun sədrlik etdiyi prosesdə cinayət işi üzrə tanınan 25 zərərçəkmiş vəsatət verib.
Onlar vəsatətlərində təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırdıqlarını qeyd ediblər. Hakim zərərçəkmişlərin vəsatətini təmin edib və onların mülki iddiasını icraata götürüb. Bildirib ki, prosesdə zərərçəkmişlərin mülki iddiası araşdırılacaq.
Daha sonra təqsirləndirilən Sübahir Qurbanov vəsatətlə çıxış edib. O, bildirib ki, səhhəti ağırdır, müayinə üçün tibbi ekspertiza keçirilməlidir. Hakimlər vəsatəti baxılmamış saxlayıb.
Proses günün ikinci yarısında davam edəcək.
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakim Həbib Həsənovun sədrlik etdiyi prosesdə Sübahir Qurbanovun vəsatətinin təmin edilmədiyi elan olunub.
Daha sonra dövlət ittihamçısı Sübahir Qurbanov olan hissədə ittiham aktını elan edib. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Proses martın 2-də davam edəcək.
Hacı Zeynalov