21 İyul 2017 17:47
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda soyğunçuluq, xuliqanlıq və soyuq silah gəzdirməkdə təqsirləndirilən Fərhad Hacıyev, Şükür Hüseynov və Söhbət Abdullayevin apelyasiya şikayəti üzrə proses başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Şükür Hüseynovun apelyasiya şikayəti təmin edilib və ona bəraət verilib. Şükür Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

Şükür Hüseynovun vəkili Adəm Məmmədov Teleqraf.com-a bildirib ki, hüquqlarını müdafiə etdiyi Şükür Hüseynov Cinayət Məcəlləsinin 180.2.1-ci (qrup halında soyğunçuluq) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib: “Onun 10 ay həbsdə qalmasına baxmayaraq, verilmiş apelyasiya şikayəti təmin olundu, barəsində bəraət hökmü çıxarılaraq məhkəmə zalından azadlığa buraxılmasına nail oldum.”.

Məlumata görə, digər təqsirləndirilən şəxslərin də apelyasiya şikayətlərinə baxılıb. Prokurorluğun bəraət alan Söhbət Abdullayevlə bağlı verdiyi protest təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Hacıyev 6 il, Şükür Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Söhbət Abdullayev barəsində bəraət hökmü çıxarıb.

İttihamın gəldiyi nəticəyə görə, təqsirləndirilən şəxslər Qaradağ rayonu Xocasən qəsəbəsində olan yanacaqdoldurma məntəqəsinə daxil olaraq 30 manatlıq benzini soyğunçuluq yolu ilə ələ keçiriblər. Şikayət əsasında 3 şəxs saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər