25 İyul 2017 14:50
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Eldəniz Nurəddinov ifadə verib.

O, deyib ki, problemlərini həll etmək üçün Teylor İbrahimova hissə-hissə olmaqla 8700 manat verib: "2 min də sonradan istədi. Ümumilikdə 10 min 700 manat verdim. Görüşə də dövlət nömrə nişanlı maşınla gəlmişdi. Qardaşımın oğlu həbsdə idi. Söz vermişdi ki, onun həbsdən çıxmasına kömək edəcək".

Təqdirləndirilən Teylor İbrahimov isə zərərçəkmişin yalan danışdığını və onu tanımadığını söyləyib.

T.İbrahimov bildirib ki, Eldəniz Nurəddinovun qardaşını heç vaxt görməyib.

Zərərçəkmişlər deyib ki, T.İbrahimovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla yaxın münasibətləri olub. O, bu münasibətdən istifadə edərək vərəndaşları işə düzəldəcəyini vəd edib. Zərərçəkmişlərin hamısı Ağdam rayon sakinləridir.

Zərərçəkmiş İsmayıl Məmmədov məhkəmədə ifadə verərkən 5 min manat zərər çəkdiyini deyib: "2014-cü ildə Raqub Məmmədov icra başçısı təyin ediləndən Teyloru onun yanında görmüşəm. Rayon yeridir, hamı bir-birini tanıyır. İcra nümayəndəsinin müavini təyin olunmaq üçün pul vermişəm. Sonra dedi ki, icra başçısının yanına get. Mən də getdim. İcra başçısı məni qəbul elədi. Dedi ki, narahat olma, işi həll edəcəyik. Pulu da Teylorun özünə verdim. 6 min dollar kredit götürüb 5 min manatı ona verdim. Mən 5 dəfə icra başçısı ilə görüşmüşəm. O mənə bir dəfə də "sən öl" vurub ki, işi həll edəcəm. Məni yandıran odur ki, icra başçısı hansısa dələduza qoşulub camaatdan bu qədər pul alıb. 5 dəfə başçı ilə görüşmüşəm. Hələ mənə söz verdi ki, icra nümayəndəsinin müavini yox, hətta icra nümayəndəsi düzəldəcək".

T.İbrahimov isə deyib ki, zərərçəkmiş pulu Allahverən Quliyevə verib. Həmin 5 min manatdan 500 manatı ona çatacaqmış: "Allahverən 500 manatı da mənə vermədi".

Zərərçəkmiş Cəfər Həşimov da məhkəmədə ifadə verib. O, T.İbrahimovu tanımadığını deyib: "Mən Allahverən Quliyevə pul vermişəm. Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəkdi. Cəmi 15 500 manat vermişəm. Teylordan şikayətim yoxdur".

Növbəti proses avqustun 8-də davam eədəcək.

İttihama görə, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Digər zərərçəkmiş Zaur Məmmədovu isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda günahkar bilinir.

T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər