25 İyul 2017 18:11
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə polis əməkdaşları ifadə verib. Onlar dünyasını dəyişən tələbələrin valideynlərinin vəsatəti əsasında məhkəməyə çağırılıblar.

Polis baş serjantı Əkbər Mahmudov bildirib ki, hadisə baş verən gün xidməti təhvil verib: “Biz səhər sast 8-də növbəni təhvil verdik. Axşamdan yolda xarab olan yük dolu maşın nəzarətdə saxlanılırdı”.

Mərhum İbrahim Nəsibovun anası Xatirə Nəsibova polis əməkdaşına sual verib ki, əgər daşla dolu maşın yolda xarab olmuşdusa, niyə ərazidən aparılmayıb?

Polis əməkdaşı suala belə cavab verib: “Axşamdan maşının yanında olmuşuq. Qəza baş verməsinin qarşısını almaq üçün tədbir gördük. Saat 8-də növbəni dəyişmək üçün getdik. Qəza da həmin bir neçə dəqiqə ərzində baş verib”.

Daha sonra Xatirə Nəsibova bildirib ki, 5-6 dəqiqəyə görə onların övladları ölüb: “Bu məsuliyyətsizlikdir. Axı siz niyə o qədər vaxt ərzində yük maşınını ordan aparmadınız?”

Mərhum tələbənin anasının bu iradına cavabında Əkbər Mahmudov bildirib ki, maşın yüklə dolu olduğu üçün apara bilməyiblər. Polis serjantı isə baş verən qəzadan təəssüfləndiyini və bu hadisəni heç vaxt unutmayacağını deyib: “Bu hadisə mənim üçün də çox çətindir. Heç vaxt unutmayacam. Allah rəhmət eləsin”.

Valideynlər yol polisi əməkdaşlarının yüklə dolu maşını orada qoyaraq getməsinə etiraz ediblər.

Daha sonra Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə ünvanlanmış sorğuya verilmiş cavab elan edilib. Sorğu valideynlərin istəyi ilə göndərilib. Məqsəd gecədən yolda qalan yük maşının orada qalmasını göstərən görüntülərin əldə edilməsi olub.

Mərkəzdən verilən cavabda göstərilib ki, həmin ərazidə kamera olmayıb. Bu cavaba valideynlər etiraz edib.

Qəzanın baş verməsini əks etdirən görüntülərin mətbuatda yayıldığını deyən valideyn Xatirə Nəsibova bildirib ki, həmin görüntülər hardan ortalığa çıxıb: “Polis əməkdaşı deyir ki, axşamdan yük maşının yanında növbə çəkib. Görüntüləri təqdim eləsinlər”.

Məhkəmədə bildirilib ki, qəzanın baş verdiyini göstərən görüntülər nəzarət kamerasından çıxarılıb. Valideynlər nəzarət kamerasından gecə yük maşının görüntülərinin çıxarılmasını tələb ediblər.

Məhkəmədə yük maşınının sürücüsü Elvin Şəmistanlı da iştirak edib. O, maşın xarab olduğu üçün gecə yolda saxlayaraq getdiyini deyib: “Usta tapa bilmədim. Səhər usta ilə gələndə artıq qəza baş vermişdi”.

İttihama görə, bu il martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhərində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər